Modern.az xəbər verir ki, avqustun 5-də Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forum çərçivəsində Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları rəhbərlərinin Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla görüşü keçirilib. 3 saata yaxın davam edən görüşdə Ukrayna Azərbaycanlıları Konqresinin fəaliyyəti, təşkilatın gələcək planları, habelə regional bölmələr arasındakı əməkdaşlığın mövcud vəziyyəti ilə bağlı müzakirələr aparılıb. UAK regional təşkilatlarının rəhbərləri onları narahat edən məsələlər barədə məlumat verib, təşkilatın cari ili yul ayının 7-də keçirilmiş hesabat-seçki konfransı barədə fikirlərini bildiriblər.
Daha sonra Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov görüşdə qaldırılan məsələlərlə bağlı diaspor təşkilatları rəhbərlərinə öz tövsiyələrini çatdırıblar. Sonra Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi Emin Hacıyev, RAGT-nin nümayəndəsi Hikmət Nağdəliyev çıxış edib. Avqustun 6-da isə Forumun II və III panel iclasları keçirilib N.İbrahimov iclası açaraq bildirib ki, dünyanın bir çox ölkələrində güclü Azərbaycan diasporu fəaliyyət göstərir. “Bizim diaspor təşkilatlarımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Lakin diasporun gücünü, potensialını təsdiq edən əsas amillərdən biri onun ictimai-siyasi həyata təsir imkanları ilə ölçülür. Bu baxımdan, xaricdə yaşayan soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatına da fəal inteqrasiya etməlidir”. N.İbrahimov paneldə azərbaycanlıların ictimai-siyasi fəallığının artırılması sahəsində qarşıda duran vəzifələrin, mövcud olan problemlərin müzakirə ediləcəyini bildirib.