Modern.az

Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov vəfat edib

Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov vəfat edib

Aktual

7 Avqust 2012, 10:42

Azərbaycan Milli Məclisin keçmiş sədri Murtuz Ələsgərov 84 yaşında vəfat edib.

Modern.az saytının məlumatına görə, Murtuz Ələsgərov bu gün səhər saatlarında Təzəbazarın yaxınlığındakı evində qəflətən dünyasını dəyişib.

Murtuz Nəcəf oğlu Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. «İstiqlal» ordeni, «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. MDB-nin «Sodrujestvo» ordeninə və Rusiya Federasiyasının «Dostluq» ordeninə layiq görülüb. Kiyev Milli Universitetinin fəxri doktorudur. Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvüdür. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir.

1954-cü ildən Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1993–1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 1965-ci ildən universitetin Konstitusiya hüququ kafedrasının müdiri idi.

Yeni Azərbaycan Partiyasının saytında M.Ələsgərovun YAP sədrinin iki müavinindən biri olduğu qeyd edilib.

M.Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.
M.Ələsgərov 3 övlad atasıdır.

Yeni Azərbaycan Partiyası 2010-cu ildə keçirilən parlament seçkilərində yaşını nəzərə alaraq M.Ələsgərovun adını namizədlər siyahısına daxil etmədi.

M.Ələsgərov son vaxtlaradək Bakı Dövlət Universitetinin müəllimi işləyirdi. Məlumatlara görə, onun səhhətində bəzi problem olduğundan dərsə gəlib-gedə bilmirmiş.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı