Modern.az

Viza rejimi İrana müalicə üçün gedənlərin sayını azaldacaqmı?

Viza rejimi İrana müalicə üçün gedənlərin sayını azaldacaqmı?

Aktual

7 Avqust 2012, 12:53

Musa Quliyev: “Bizim İrandan asılı olacaq heç nəyimiz yoxdur”

Məlum olduğum kimi, son illər Azərbaycan vətəndaşlarının müalicə üçün İrana axını artıb. Buna səbəb İranda əməliyyatların və müalicənin Azərbaycandan xeyli ucuz olması göstərilir. Deyilənə görə, İrana keçən hər 100 nəfərdən 90-nı qonşu ölkəyə məhz müalicə üçün üz tutanlardır. Lakin son günlər İranın Azərbaycana müvəqqəti viza rejiminin tətbiq edilməsi ilə bağlı göndərdiyi nota cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, xəstəliyi ilə əlaqədar tez-tez İrana getməli olanlar viza rejiminin tətbiqi ilə müəyyən qədər vaxt və pul itkisinə yol verməlidirlər.

Bəs belə olduğu halda həmin şəxslər nə edəcəklər?

Müalicəsi ilə əlaqədar tez-tez İrana gedən Nəcibə Bağırova bunun çətin olacağını deyib. Qaraciyər serrozundan əziyyət çəkən N. Bağırova bildirib ki, əvvəl birbaşa getdiyi halda, indi vizanı almaq üçün pul verməli və 3 gün gözləməlidir:

“Başqa ölkəyə gedə bilmərəm. İrandakı həkimlər dərdimi bilir və xəstəliyimin sağalmasında çox köməklik göstəriblər. Hər dəfə gedəndə müalicəmi qaldığım yerdən davam etdirirəm. Başqa ölkəyə həkimə getsəm onlar mənim dərdimi bilib tapana kimi çox vaxt gedəcək. Ona görə çətin də olsa İrana gedəcəm”.

Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, viza rejiminin tətbiqi ilə bağlı heç bir problem olmayacaq. Deputatın sözlərinə görə, bizim xəstələrin İrana getməsinə o qədər də ciddi zərurət yoxdur: “Düşünürəm ki, vizanın qiyməti elə də baha olmayacaq. Bunu İran tərəfi edir, qoy etsin. Sadəcə belə bir keçici ənənə yaranıb ki, hamı yığışıb İrana gedir. Bizim özümüzün yaxşı klinikalarımız və həkimlərimiz var. Üstəlik dünyanın hər yerindən yaxşı, tanınmış mütəxəssislər ölkəmizə gəlir, konsultasiyalar aparır və məsləhətlər verirlər. Yəni bizim İrandan asılı olacaq heç nəyimiz yoxdur. İnsanların başqa yerə getməyə ehtiyacı da yoxdur. İrana gedən xəstələr istəsələr başqa ölkələrə də gedəcəklər. Amma öz ölkəmizdə müalicə alsalar daha yaxşı olacaq. Belə ki, səhiyyəmizin daxili bazarı bir az da zənginləşəcək. Bu bizə xeyirdir ki, ziyan deyil”.

M. Quliyev qeyd edib ki, İran tərəfinin bizə viza rejimini tətbiq etməsi bizim üçün heç bir ciddi problem yaratmayacaq: “Belə düşünürəm ki, viza rejiminin yumşaq olması hər iki tərəfdən olan soydaşların gediş-gəlişini bir az yaxşılaşdıra bilər. Görünür ki, bu məsələ yaxın gələcəkdə həll olunacaq”.

Həkim-ekspert Adil Qeybulla bildirib ki, viza rejiminin tətbiqi xəstəliyi ilə bağlı İrana gedən şəxslərin statistikasına qismən təsir göstərəcək. Ekspertin sözlərinə görə, yerli vətəndaşların İrana getməsi ilə bağlı ciddi səbəblər var: “Bunların bir qrupu peşəkarlıqla bağlıdır ki, Azərbaycan səhiyyəsinə güvən yoxdur. Digər tərəfdən bizim mentalitetimizdə belə bir hal müşahidə edilir ki, ölkədən xaricə daha çox üstünlük verilir. Viza düzəltməyə görə İrana getməkdən imtina edən ola bilər. Amma bu ümumi rəqəmə heç də təsir etməyəcək. Yəni vizanın tətbiqi statistikaya əmməli təsir göstərməyəcək”.

A. Qeybulla hesab edir ki, viza rejiminin tətbiq olunması İranın Azərbaycanla münasibətlərinin müəyyən bir səviyyəsindən xəbər verir. Həkimin sözlərinə görə, viza rejiminin tətbiq edilməsi İrana qarşı beynəlxalq səviyyədə getdikcə artan təzyiqlərin nəticəsidir: “Bu, Azərbaycanın özünə də bir növ təzyiq vasitəsidir. Amma yaxşı olardı ki, bu baş verməsin. Belə ki, 30 milyon soydaşımız İrandadır və ona görə də viza rejimin tətbiq olunması, həmdə İranın Azərbaycanla münasibətində səmimi olmadığından xəbər verir. Hesab edirəm ki, müalicə üçün ora üz tutanlar bu praktikadan nəticə çıxarmalıdırlar”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı