Eyni binanın (İ. İsmayılov küçəsi, ev 58) iki sakini – Elmira Nuriyeva (mən. 109) və Zivər Cəfərova (mən. 106) Xətai Rayon Məhkəməsində münasibətlərinə aydınlıq gətirməli olublar. Mübahisəyə səbəb isə Z. Cəfərovanın evinə su sızmasıdır. 2010-cu il sentyabrın 28-də baş vermiş hadisə ilə əlaqədar E. Nuriyevaya Z. Cəfərovadan 15 min manat təzminat istəyib.
İlkin məhkəmə araşdırması zamanı Məhkəmə Ekspertizasının da rəyinə əsasən, məlum olub ki, su sızması heç də 109-cu mənzildən deyil, daha bir mərtəbə yuxarıda yerləşən 112 mənzildən olub. Bununla əlaqədar olaraq Məhkəmə Ekspertizasının rəyində bildirilir ki, su sızması nəticəsində Z. Cəfərovaya 4 500 manat, evi təmirsiz olduğu üçün E. Cəfərovaya 533 manat ziyan dəyib.
Xətai Rayon Məhkəməsində işə əvvəlcə hakim Rauf Əhmədov baxıb. Amma sonradan naməlum səbəblərdən hakim dəyişdirilib və hakim Habil Məmmədov nə ekspertizanın rəyinə, nə də başqa dəlillərə əhəmiyyət vermədən E. Nuriyevanın təqsirkar olduğunu elan edir və 4604 manat vəsaitin E. Nuriyeva tərəfindən ödənilməsi barədə qərardad çıxarır.
İlk növbədə onu qeyd etmək lazımdır ki, məhkəmədə Z. Cəfərova deyil, onun nümayəndəsi kimi, məhz 112-ci mənzilin sahibi Tahir Hüseynov çıxış edir. Yəni birbaşa təqsirkar.
2010-cu ilin sentyabr ayında E. Nuriyevanın evində təmir işləri görmüş Asif Əliyev: Sentyabrın əvvəllərində Elmira xanımın evində təmir işləri aparırdım. Mənə tapşırılan işləri sentyabrın 14-də başa çatdırıb evin açarını Elmira xanımın qohumu Xətai Əzizova təhvil verdim. Bir gün X. Əzizov mənə zəng elədi ki, Asif, qonşular orda hay-küy salıblar ki, evdən su axır, tez get gör nə məsələdir. Mən də səhəri gün səhər tezdən açarı X. Əzizovdan aldım getdim evin qapısını açdım gördüm ki, heç nə yoxdur. Hər şey öz qaydasında idi. Hətta MİS işçiləri də gəlib baxdılar ki, həqiqətən burda su kranı açıq qalmayıb.
Qonşularla söhbət zamanı üst mərtəbədə yaşayan qonşu mənimlə əlbəyaxa oldu və dedi ki, “mən Prezident Aparatında işləyirəm, səni yox eləyərəm...” Mənə də hədə-qorxu gəldiyindən X. Əzizova zəng vurdum ki, burda belə vəziyyətdir, hətta açarı məndə zorla alıblar, mənə təzyiq göstərirlər. O da dedi ki, dava lazım deyil, zərər yoxdur.
Xətai Rayon Məhkəməsinə gəlmişdim şahid kimi. Hakim dedi ki, səni şahid kimi dindirə bilmərəm. Tahir və onunla gələnlər başladılar gülməyə və məni ələ salmağa. Sonra da Tahir mənə dedi ki, nə qədər səni məhv eləməmişəm, rədd ol burdan.
Mən cavab qaytaranda hakim məni zaldan bayıra çıxartdırdı. Tahir o məhkəmədə Z. Cəfərovanın nümayəndəsi kimi çıxış edirdi və qohum olduğunu bildirirdi. Amma həqiqətdə isə onlar qohum deyirlər”.
Məhkəmədə E. Nuriyevanın nümayəndəsi kimi çıxış edən X. Əzizov: “2010-cu il sentyabrın 14-də Asifdən açarı alıb gəlmişdim. Sentyabrın 28-də həmin ünvandan zəng vurub dedilər ki, Zivər xanımın evinə sizin mənzildən su axır. Mən də Asifi göndərdim. O da mənə hadisə yerindən zəng vurub dedi ki, məni mənzilə buraxmırlar, açarı zorla məndən aldılar. Burada Tahir adlı bir nəfər var, mənə hədə-qorxu gəlir. Deyir ki, Prezident Aparatında işləyirəm səni məhv edərəm. Dedim sən gəl bu yana, özüm aydınlaşdıraram.
Sonra mən bir neçə gündən sonra Z.Cəfərovanın evinə getdim və evinə baxdım. Doğrusu elə bir ciddi problem yox idi, dedim ki, əgər həqiqətən də su bizim mənzildən axıbsa, mən ziyanı ödəyərəm. Amma açarı verin, mən də 109-cu mənzilə baxım. Zivər xanım dedi ki, açar Tahir müəllimdədir, o da Prezident Aparatındadır, ondan alarsınız. Telefonunu istədim, dedi Tahirdən icazəsiz verə bilmərəm. Nə isə bir neçə gündən sonra, daha dəqiq desəm, 2010-cu il oktyabrın 10-da Tahirlə telefonda danışdıq. Tahir də başladı nə başladı, görün sizə neynəyəcəm, sizin başınıza oyun açacağam, nə bilim daha nələr-nələr. Dedim, sən açarı qaytar, sonra baxarıq nə edə bilərsən. Noyabrın 10-u, ya 11-i idi, açarı Zivər xanımdan götürdüm. Elmira xanımın mənzilinə, 109-cu mənzilə baxanda dəhşətə gəldim. Su 112-ci mənzildən axıb 109-a, oradan da 106-ya. Məsələ aydın idi. Tahir Elmira xanımın burada olmadığından istifadə edərək hər şeyi tərsinə çevirmək istəyirdi. Mən Zivər xanıma dedim ki, məgər siz görmürsünüz ki, su 112-dən axıb, bu nə oyundur oynayırsınız. Zivər xanım bir az tutuldu, dedi ki, neynim ee, Tahirdi də, iş açdı başımıza. Mənə ev lazım idi?
Sonra Tahirin kimliliyini araşdırdım və məlum oldu ki, bu adam heç də Prezident Aparatında işləmir, mahir fırıldaqçının biridir. Tahir ilə bir az çəkişməmiz oldu, məhkəməyə müraciət etdi və əfsus ki, Tahir kimilərin nəyinəsə aldanıb hələ də yalan, qanunazidd qərar qəbul edən hakimlər var. Çox maraqlıdır ki, Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov qərarı elan edəndə mən apellyasiya şikayəti verəcəyimi bildirdim. Tahir qayıtdı ki, sən məni yaxşı tanımırsan, mən o hakimləri də alacam. Sənin həqiqətin heç kimə lazım deyil dedi. Hakim isə acizanə surətdə, xahiş edirəm burada belə söhbətlər etməyin deyib, öz otağına girdi. Apellyasiya Məhkəməsində də Natiq Abbasov əvvəlcə “mən bu işi belə qoymaram, narahat olmayın, necə olub ki, Xətai Rayon Məhkəməsi ekspertizanın rəyini nəzərə almayıb, orada yenidən komissiyon ekspertiza təyin olunmalı idi, şahidləri dindirəcəyəm. Narahat olmayın bunu edəcəyik və həqiqət öz yerini tutacaqdır”.
Sonra da ikinci prosesi 2011-ci ilin dekabrın 20-nə təyin etdi və elə həmin gün də dedi ki, mənə elə gəlir ki, təkrar ekspertizaya, əlavə şahidə ehtiyac yoxdur və tələm-tələsik qərardad çıxardıb əvvəlki qərarı qüvvədə saxladı.
Maraqlı bir faktı deyim. Həmin prosesi Modern.az saytının və “525-ci” qəzetin müxbirləri də izləyirdilər. Mən hakimlərin gözü qarşısında dedim ki, Tahir sən ki, dediyini etdin, yəni bu hakimləri də pul ilə ələ aldın sənə halaldır. Mən hakimlərimizi belə bilməzdim. Tahir də qayıtdı ki, bəs nə bilmişdin, sənə demişdim axı alacam.
Bax beləcə biz yenə də prosesi uduzduq. Digər bir fakt. Mən Ali Məhkəməyə kassasiya şikayətini aprelin 6-da verdiyim halda, iş Ali Məhkəməyə 2 aydan sonra getmişdir. Bunun özü də qanunsuzluqdur. Hazırda iş Ali Məhkəmədədir. Mən yəqin ki, bu günlərdə, gec də olsa Tahirin əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət edəcəyəm. Ali Məhkəmənin qərarını gözləyirəm və inanıram ki, Ali Məhkəmənin Mülki Kollegiyasında işə ədalətli baxacaqlar.
P.S. Biz qarşı tərəfində, hətta hakimlərin də mövqeyini öyrənməyə hazırıq.
Modern.az