Deputat: “Biz bəyanat veririk, amma bu, erməninin heç vecinə də deyil”

Son günlər erməni mətbuatdında Suriyada baş verən hadisələrlə əlaqədar bu ölkədə yaşayan ermənilərin Dağlıq Qarabağ ərazisinə köçürülməsi haqda müxtəlif xəbərlər yayılır.
Məsələ ilə bağlı “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov
Modern.az-a açıqlama verib. İcma sədri Suriya ermənilərinin Azərbaycan torpaqlarında köçürülməsinin erməni tərəfinin növbəti təxribatı sayır.
“Suriya ermənilərininin Dağlıq Qarabağa, Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq hüquqla yolverilməzdir. Təbii ki, onlar da yaxşı bilirlər ki, bu qanunsuzdur. Bu torpaqlar bizim ata-baba torpaqlarımızdır. Biz oraya əvvəl-axır qayıdacağıq. Suriyadan gələnin ağlı başında olmalıdır ki, başqa adamın torpağına göz dikmək olmaz. Bu, ermənilərin növbəti provokasiyasıdır. Suriyadan gələn erməni Dağlıq Qarabağda nə qələti edəcək? Dağlıq Qarabağdakı ermənilər oradan köçüb gedirlər, Suriyadakı ermənilər gəlib orada necə yaşayacaqlar?”, - deyə B.Səfərov bildirib.
İcma sədri həmçinin ermənilərə xəbərdarlıq edərək, onların tezliklə Azərbaycan torpaqlarından çıxarılacaqlarını vurğulayıb. “Onlar gəlib heç bizim torpaqlarımızda yaşaya da bilməzlər. Onlar bilməlidirlər ki, Azərbaycan ordusu ali baş komandanın əmri ilə onların başlarını əzib qovar”.

Milli Məclisin Xankəndindən seçilmiş deputatı
Flora Qasımova da Suriya yaşayan ermənilərin Dağlıq Qarabağa köçürülməsinin Azərbaycan üçün təhlükəli oldğununu deyib. Deputat məsələ ilə bağlı rəsmi qurumları real iş görməyə çağırıb.
“Suriyadakı ermənilərin Dağlıq Qarabağ torpaqlarında yerləşdirilməsi yolverilməzdir. Ermənilər yenə öz işlərindədirlər, onlar nə BMT-nin, nə də ATƏT-in qətnamələrinə əhəmiyyət verirlər. Biz də ancaq bəyanat veririk, öz fikirlərimizi bildiririk. Bu heç erməninin vecinədir? Bu məsələni ciddi şəkildə qaldırmaq lazımdır. Bir tərəfdən deyirlər ki, sülh danışıqlarında gəlin güzəştə gedək. Erməni bizim sərvətimizi talayır. Hələ bu azmış kimi Suriyadakı erməniləri də gətirib bizim torpaqlarımıza yerləşdirmək istəyirlər. Buna yol vermək olmaz. Qəti şəkildə buna qarşı ciddi addım atmaq lazımdır”.
Anar Rüstəmov