Azərbaycan Respublikasının Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan Respublikasının İnvestisiya Məsələləri üzrə Dövlət Komitəsinin sədri Davlatali Saidovla görüşüb. Modern.az-ın məlumatına görə, görüşün məqsədi Tacikistan Respublikasının prezidenti İ.Rəhmanın cari ilin 12-13 iyul tarixlərində Azərbaycana səfəri zamanı razılaşdırılmış məsələlərin həyata keçirilməsi məsələsini və iki ölkə arasında mövcud əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
Komitə sədri Azərbaycan investisiyasının Tacikistan üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib, son 5 ildə Azərbyacan tərəfindən Tacikistana 650000 dollar investisiya yatırıldığını qeyd edib.
Azərbaycanla ticarət dövriyyəsinə toxunan Dovlatali Saidov ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcud olduğunu, Azərbaycandan idxal olunan məhsulların əsasən avtomobil, dərman məmulatları, kerosin və digər neft məhsulları olduğunu açıqlayıb.
Səfir A.Həsənov N.Gəncəvinin 870 illiyi ərəfəsində Xocənd və Gəncə şəhərlərinin qardaşlaşmış şəhərlər elan edilməsini arzuladığını ifadə edib.
A.Həsənov Tacikistana investisiya qoyulması üçün kataloqun hazırlanıb təqdim edilməsini xahiş edib.
Daha sonra səfir Tacikistana qarşı hələ də dünyada mövcud olan informasiya blokadasına baxmayaraq özəl sektor nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkil edilməsinin vacibliyini vurğulayıb.
Komitə sədri müxtəlif ölkələrin iş adamlarının iştirakı ilə Biznes Forumun artıq dəfələrlə keçirildiyini qeyd edib, sentyabr ayının sonunda daha bir Biznes Forum keçirilməsinin mümkünlüyünü bildirib.
Tacikistanın iqtisadi potensialı haqqında danışarkən komitə sədri ölkənin 575 mld kv/saat elektrik enerjisi potensialı olduğu halda onun yalnız 4-4.5%-dən istifadə edildiyini, 1 mld ton dəmir filizi, 70 000 ton gümüş ehtiyatlarının mövcud olduğunu bildirib.
Söhbət zamanı həmçinin Tacikistanın yanacaq sürtgü materiallarının Azərbaycandan daşınması məsələsinə toxunulub, Azərbaycanın bununla bağlı daşınma xərclərini 50 % azaltdığı qeyd edilib.
Ləman Ağayeva