Modern.az

Azərbaycanda yol polisinin maşınlarında videokameralar quraşdırılacaq

Azərbaycanda yol polisinin maşınlarında videokameralar quraşdırılacaq

Aktual

11 Avqust 2012, 15:53


 «Yol Patrul Xidməti haqqında” Təlimata əlavə və dəyişikliyə əsasən, Yol Patrul Xidməti (YPX)  avtomobillərində videokameralar da quraşdırılmalıdır. Dünyanın bir çox ölkələrində YPX maşınlarında videokameralar var və onların vasitəsilə hər bir etik və qeyri-etik hal qeydə alınır. Məsələn, biz telekanallarda ABŞ-da xidmətən aparan patrul maşınlarından çəkilən qəzalara və hansısa bir cinayətkar sürücü ilə polis arasındakı silahlı atışma səhnələrinə baxmışıq.

Azərbaycanda təsdiqlənəcəyi gözlənilən “Yol Patrul Xidməti haqqında” Təlimata əlavə və dəyişikliyə əsasən nəqliyyat vasitəsi YPX inspektoru tərəfindən saxlanılarkən, patrul avtomobilində quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, YPX inspektorunun digər hərəkətləri polis avtomobilində quraşdırlmış kameranın görünüş dairəsində aparılmalıdır.
Deyəsən bu məsələ öz həllini tapır. Belə ki, Azərbaycanda YPX avtomobillərində videokameralar quraşdırılacaq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda YPX avtomobilləri videokamera ilə təmin olunacaq.

“Amma hələki konkret vaxt demək olmaz. Yəqin ki, daha tez müdəttdə quraşdırılacaq. Bunun vasitəsilə hər bir hal qeydə alınacaq. Videokamera polis əməkdaşı ilə sürücü arasında hər hansı bir münaqişənin yaranmasının qarşısının alınmasına xidmət edəcək. Bundan əlavə,  avtomobillərdə quraşdırılacaq videokameralar sürücünün yol verdiyi qayda pozuntusunun aşkar edilməsini asanlaşdıracaq. Yəni bu kameralar sonradan hər hansı bir narazılğın qarşısının alınması və yaxud da ki, inzibati xətanın özünün mövcudluğunun da isbatında mühüm rol oynayacaq”.

Yeni patrul avtomobillərinin gətirilməsinə gəlincə, K.Əliyev bunun gözlənilmədiyini bildirib:

“May ayında 50 yeni YPX avtomobili gətirilib. Artıq kifayət qədər patrul avtomobili var. Gələcəkdə buna zərurət yaranarsa, əlbəttdə həmin maşınlar yeniləri ilə əvəz olunacaq”.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı