
Tikinti işlərinin aparılması ilə əlaqədar avqustun 9-da saat 22:00-dan etibarən Bakı Metropoliteninin müvəqqəti bağlanmış 5 stansıyasının («20 Yanvar-Dərnəgül» sahəsi) fəaliyyəti avqustun 13-ü saat 06:00-da bərpa olunub, qatarların hərəkəti təmin edilərək, sərnişinlərin gündəlik hərəkət qrafiki ilə daşınmasına başlanılıb.
Bu stansiyaların bağlanması Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası ilə əlaqədar idi. Bakı Metropolitenindən verilən məlumata görə, Bənövşəyi xəttin «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyaları 2013-cü ildə istismara verilməlidir. Artıq «Avtovağzal» və «Memar Əcəmi-2» stansiyaları arasındakı hər birinin uzunluğu 2000 metrə çatan iki tunelin inşası başa çatdırılıb. Layihəçilərin təklifinə əsasən, tunellər «Memar Əcəmi-2» stansiyasının altından keçməli idi.
”Dünya praktikasında qəbul olunmuş təcrübəyə əsasən, belə hallarda yeni inşa olunan tunellərin inşası kəsişmə sahəsindən keçərkən, mövcud xəttin həmin sahəsinin fəaliyyəti dayandırılır. Bu, ilk növbədə, sərnişinlərin təhlükəsizliyi, daha sonra inşaat işlərinin risksiz yerinə yetirilməsi məqsədilə atılmış addımdır. Qeyd edilənləri əsas götürərək, layihəçilər və tikintini aparan təşkilatlar Yaşıl xəttin bu istiqamətində qatarların hərəkətinin dayandırılmasını təklif etmişdilər.
Hazırda Yaşıl xəttin qeyd edilən hissəsindən Bənövşəyi xəttin sağ tunelində qazma işi aparan «Robins» tunelqazma kompleksinin də həmin sahədən keçməsi istiqamətində işlər aparılır. Bu tip qurğularla inşaatın aparılmasına, təhlükəsizliyin təminatına və texniki tələblərə uyğun olaraq, eyni istiqamətdə hərəkət edən iki tunelqazma kompleksi arasında ən azı 80-100 metr məsafə fərqi olmalıdır. Bu səbəbdən, hazırda sol tunelin qazma işlərinin başlanması ilə bağlı işlər davam etdirilir”-deyə Bakı Metropolitenindən bildirilib.
Bənvşəyi xəttin tunellərinin «Memar Əcəmi-2» stansiyasından keçən hissəsinin uzunluğu 40 metrə bərabərdir. 2012-ci il avqust ayının 9-da saat 22:00-da başlanılmış iş artıq yekunlaşıb və tunelqazma kompleksi Ceyhun Səlimov küçəsində yerləşən «B-3» stansiyasına doğru üz tutub. Həmin tunelin uzunluğu 1300 metrdir.
Modern.az saytının Bakı Metropolitenindən əldə etdiyi məlumata görə, «Avtovağzal» stansıyasının və “Memar Əcəmi”nin 2-ci çıxışının inşası ilə əlaqədar «20 Yanvar», «Memar Əcəmi», «Nəsimi», «Azadlıq prospekti» və «Dərnəgül» stansiyalarının fəaliyyəti ikinci dəfə bir həftəliyə dayandırılacaq.
Bunun təxminən 10 gün sonra baş verəcəyi gözlənilir.
Modern.az