
Rəsmi məlumata görə, ötən ilin yarım illik dövrü ilə müqayisədə bu ilin 6 ayı ərzində yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayında 0.7 faiz artım qeydə alınıb. Yol qəzaları ilə gələn faciələr demək olar hər gün təkrarlanır. Bunların içində ən dəhşətlisi isə yük maşınlarının törətdiyi qəzalardır. Bir neçə belə hallar olub ki, “KamAZ” markalı ağır tonnajlı maşın "Jiquli"nin üstündən keçib. Belə qəzalarda daha çox kiçik maşınlarda olanlar öz həyatını itirirlər. İritutumlu maşınlarla minik avtomobillərinin toqquşmasında birincinin sürücüləri nadir hallarda ölə bilir.
Bəs yük maşınlarını idarə edənlər onun digər nəqliyyat vasitələrinə nisbətən daha təhlükəli olmasını nəzərə alırlarmı?
Əksər hallarda nəzərə almırlar desək, yanılmarıq. Müşahidələrə görə, bəzən onlar yük maşınlarını elə surətlə idarə edirlər ki, kiçik avtomobillərin sürücüləri öz maşınlarını kənara verib saxlamağa, ya da “KamAZ”lara yol verməyə məcbur olurlar.
Digər məqam da var, bir sıra hallarda qəza törədən, reydlərdə saxlanılan yük maşınlarının sürücüləri çox gəncdirlər. 20-25 yaşlı bu sürücülər “KamAZ” və digər belə ağır yük maşınlarını diqqətsiz idarə etməklə neçə-neçə ölümlərə səbəb olurlar.
Müşahidələr göstərir ki, Bakının bəzi kəndlərində təhsildən yayınan bəzi yeniyetmələr belə, 16-17 yaşlarında atalarının “Kamaz” markalı maşınları ilə yük daşıyırlar. Halbuki, qanunla bu yaşda nəqliyyat vasitəsi idarə etmək yasaqdır.
Amma Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, qəza törədən yük avtomobillərinin sayı elə də üstünlük təşkil etmir. O, baş verən yol qəzalarında ağırtonnajlı avtomobil sürücülərinin müəyyən qədər rolunun olduğunu, amma bunun kütləvi hal almadığını deyib.
“3.5 tona qədər olan yük avtomobillərini idarə etmək üçün B kateqoriyası, 3.5-dən yuxarı olan maşınlar üçün isə D kateqoriyası gərəkdir. “Yol hərəkəti haqqında” qanunun 33-cü maddəsinə müvafiq olaraq, bu hər iki kateqoriya 18 yaşından verilir. Yəni bu tam olaraq qanuna uyğundur. Yəni 18 yaşından yuxarı olan şəxs, hətta 18 yaşında C kateqoriyasını almaqla o nəqliyyat vasitəsini idarə edə bilər. Sadəcə BE kateqoriyası ilə əlavə qoşqusu olan yük avtomobillərini idarə etmək üçün onlara bir il artıq vaxt lazımdı. Yəni qoşqulu yük avtomobillərini idarə etmək üçün yalnız 21 yaşında bu sürücülük vəsiqəsini və müvafiq kateqoriyanı əldə edə bilərlər”.
DYP rəsmisinin sözlərinə görə, 18 yaş həddi buluğa çatmış insandır və qanun yol verir ki, bu yaşda ağırtonnajlı avtomobilləri idarə etsin.
“Amma ola bilər ki, hər hansı bir şirkət sürücünü işə qəbul edəndə onun müəyyən qədər təcrübəsini nəzərə alsın. Onlar daha çox təcrübəli sürücü istəyirlər. Təhlillər də göstərir ki, ən çox qəzalar sürücülük təcrübəsi çox olan sürücülər tərəfindən törədilir. Bu gün baş verən qəzaları sürücülük təcrübəsinin az olması ilə əlaqələndirmək düzgün deyil. Yəni elə sürücülər çoxluq təşkil etmir”.
Baş Dövlət Yol Polisi İdarəsinin yarım illik hesabatında göstərilirb ki, yol-nəqliyyat hadisələrinin (YNH), onların nəticəsində yaralananların sayının azalmasına nail olunsa da, həlak olanların sayında cüzi artım qeydə alınıb. Belə ki, 1-ci yarımil ərzində respublika ərazisində 1278 YNH-si qeydə alınıb, nəticədə 436 nəfər həlak olub, 1361 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 86 fakt (6,3%) və yaralananların sayı 104 nəfər (7,1%) azalıb, həlak olanların sayı isə 3 nəfər (0,7%) artıb.
Anar Kəlbiyev