Modern.az

Deputatlar Qənirə Paşayevanın çağırışını birmənalı qarşılamadılar

Deputatlar Qənirə Paşayevanın çağırışını birmənalı qarşılamadılar

Aktual

16 Avqust 2012, 13:00

“İki aylıq maaşımızı vermək doğru olmaz, axı biz deputat maaşı ilə dolanırıq”

Millət vəkili Qənirə Paşayeva Güney Azərbaycanda baş verən zəlzələdən zərər çəkən insanlara yardım üçün deputat həmkarlarına çağırış edib. O, həmkarlarına müraciət edərək, onlara iki aylıq maaşlarını yardım kimi zəlzələ qurbanlarının hesabına köçürməyi təklif edib.

Modern.az-ın əməkdaşı deputatlardan Qənirə Paşayevanın çağırışına münasibət öyrənib.

Millət vəkili Fazil Mustafa həmkarının çağırışını birmənalı qarşılamayıb. Onun  fikrincə, bir çox deputat məhz aldığı maaşla dolandığı üçün, hamının iki aylıq məvacibini verməyə gücü çatmaz:.

“Təbii ki, bu humanitar çağırışdır. Amma, biz Böyük Quruluş Partiyası olaraq, bu prosesə qoşulmuşuq. Biz partiya səviyyəsində imkanımız çatdığı qədər Qızıl Aypara vasitəsi ilə öz yardımımızı göstərəcəyik. Kimin nəyə gücü çatır o qədər də köməklik edəcək. Millət vəkillərinin maaşının verilməsi məsələsi cəmiyyət tərəfindən doğru qarşılanmaz. Bu o demək olar ki, millət vəkillərinin maaşa ehtiyacı yoxdur, başqa gəlirlərlə dolanırlar. Hər halda kim istəyir öz köməyini edəcək. Burada hansısa məbləğ qoymaq düzgün deyil. Kimin gücü nəyə çatır, o qədər də yardım edəcək. İnsanları çətin maddi sual qarşısında qoymaq doğru deyil.  Bu baxımdan biz partiya olaraq, humanitar yardımlara qoşulmuşuq.

Digər millət vəkili Zahid Oruc da həmkarının qaldırığı məsələyə münasibət bildirərək, təşəbbüsü müsbət qiymətləndirib. Deputatın sözlərinə görə, o da imkanı daxilində bu aksiyaya qoşulacaq:

“Hər kəs belə bir çağırış edə bilər. Bu da normal bir şeydir. Hörmətli həmkarım təşəbbüsünü də normal qarşılayırıq. Bütün hallarda mən bir deputat kimi humanitar aksiyaları müsbət qiymətləndirirəm. Amma deputatın aldığı iki aylıq maaşı yardım kimi göndərmək bir çoxları üçün çətinlik yarada bilər. Bu həqiqətdir ki, parlamentdə elə deputatlar var ki, aldıqları maaş hesabına yaşayırlar. Lakin bütün hallarda Qənirə Paşayevanın mövqeyi ondan ibarətdir ki, Azərbaycan insanları orada yaşayan soydaşlarımıza kömək etsinlər. Biz də öz növbəmizdə bu aksiyaya müəyyən səviyyədə qoşulacağıq. Amma kimin necə iştirakı onun şəxsi qərarı ilə baş verməlidir. Hər halda kimin maddi cəhətdən nəyə imkanı çatarsa, o qədər də kömək edəcək”.

Xanım millət vəkili Məlahət İbrahimqızı da İranda baş verən zəlzələdən əziyyət çəkən soydaşlarımıza humanitar yardımların göndərilməsinin vacib olduğunu vurğulayıb. Deputat hesab edir ki, kiminsə fikirindən aslı olmayaraq, hər bir azərbaycanlı İranda yaşayan həmvətənlərimizin ağır günlərində yanında olmalıdır.

“Bu gün hər bir azərbaycanlı İranda baş verən zəlzədən əziyyət çəkən insanlara maddi yardım etməklə yanaşı, mənən də onların yanında olmalıdır. Bu bizim borcumuzdur. Biz kimliyindən aslı olmayaraq, hər birimiz istər deputat olsun, istərsə də adi vətəndaş, onlara dəstək olmalıyıq.
Təbii ki, belə bir çağırışa onsuz da ehtiyac duyulmur. Çünki, o insanlar bizə yad deyillər ki, onlara yardım etmək üçün çağırış edək. Biz öz qanımızdan, canımızdan olan insanlara yardım etməliyik. Həm də kiməsə yardım edib, sonra onu da ictimaiyyətə çatdırmaq nə dini baxımdan, nə də insani baxımdan düzgündür”, - deyə M.İbrahimqızı vurğulayıb.



Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı