Modern.az

Bakının mərkəzində necə soyuluruq...

Bakının mərkəzində necə soyuluruq...

Aktual

22 Avqust 2012, 12:23

Deyirlər Bakının mərkəzində yaşamaq özü bir xoşbəxtlikdir. Mənimsə bəxtimə mərkəzdə yaşamaq yox, işləmək düşüb. Əhmədlidə yaşasam da, iş yerim şəhərin düz göbəyindədir.

Bakının mərkəzi, doğurdan da çox gözəldir. İçərişəhər, qədim tarixi binalar, Bulvar, Fəvvarələr meydanı, habelə qiymətləri od saçan bahalı firma dükanlar mərkəzdə yaşayışı dəbdəbəli edir. Ancaq mən varlıların alver elədikləri firma mağazalarından indiyə kimi heç nə almamışam. Çünki imkanım icazə vermir. Ərzaq dükanlarından isə alver edirəm. Nahar vaxtı acından ölməmək üçün işdən çıxıb bir-iki ərzaq alıram. Hər dəfə də bir-iki manat ziyana düşürəm. Çünki mərkəzdə çörək 30 qəpiyə yox 40-50 qəpiyə, 20 qəpiklik ayran 40-50 qəpiyə, kilosu 5-6 manata olan kolbasa, sosiska 7-10 manata satılır.

Bu siyahını nə qədər desən uzatmaq olar. Evlərin, villaların, obyektlərin mərkəzdə baha olmasını haradasa başa düşmək olar. Həm şəxsi mülklərdir, həm də nə qədər olmasa mərkəzdir axı. Pal-paltarın da baha satılması qəbul ediləndir. Bir gün vaxt ayırıb gedib yarmarkalardan sərfəli qiymətə lazım olan geyimləri almaq olar. Ancaq gündəlik tələbat olan ərzaq mallarını hər gün gedib ordan-burdan, ucuz satılan yerlərdən almaq mümkün deyil. Qeyd etmək lazımdır ki, mağazalarda satılan ərzaq malları ya topdan satış mərkəzlərindən alınır, ya da distribyutorlar tərəfindən gətirilir. Məhsulların topdan satış qiymətləri istehsalçı tərəfindən müəyyənləşdirilir. Maya dəyəri, istehsalına çəkilən xərc və digər məsrəflər çıxıldıqdan sonra mallara satış qiymətləri qoyulur. Bu qiymətlər hər yer üçün eyni olur. Mərkəz üçün ayrı, ətraflar üçün ayrı olmur.

Ona görə də eyni qiymətə alınan məhsulların şəhərin ayrı-ayrı yerlərində az qala ikiqat artıq qiymətə satılması yolverilməzdir. Burada müəyyən hədd, ölçü  olmalıdır ki, tacirlər bilsinlər ki, şirkətin məhsuluna maksimum neçə faiz artıq qiymət qoymaq olar. Bu ölçü istehsalçı şirkət tərəfindən müəyyənləşdirilsə daha məqsədəuyğun olar. Çünki istehsalçı min-bir əziyyətə istehsal etdiyi malın üstünə cəmisi 10-20 faiz artıq qiymət qoyduğu halda, bəzi “işbazlar” heç bir əziyyət çəkmədən, məsuliyyət daşımadan həmin məsulu ondan alıb üstünə 50-100 faiz artıq qiymət qoyub satırlar. Necə deyərlər, qaz vurub, qazan doldururlar. Süni qiymət artımı isə həm alıcıların, həm də istehsalçıların maraqlarına ziddir.

Ona görə də, zənnimcə şirkətlər buraxdıqları məhsullara ticarətçilər tərəfindən maksimum 25 faizə qədər artıq qiymət qoyulmasına icazə verməlidirlər. Vaxtaşırı reydlər edib, məhsullarının mağazalarda hansı qiymətə satıldığına nəzarət etməlidirlər. Bu işi dükanlara mal paylayan distribyutorlar də nəzarətə götürə bilərlər. Bunlardan əlavə, istehsalçılar daha asan və etibarlı üsulla məhsullarının satış qiymətinə nəzarət edə bilərlər. Malın üstündə qiymətini qeyd etməklə. Necə ki, sərinləşdirici içkiləri istehsal edən şirkətlərin çoxu bu metoddan uğurla istifadə edirlər.

Nəticədə onların məhsulları ölkəmizin hər yerində eyni qiymətə satılır. Malın üzərindəki yarlıqda qiymətin həkk olunması qiymətlərə özbaşına müdaxilənin, süni qiymət artımının qarşısını alır, alıcıların mənafeyini qoruyur. Şirkətlər, zavodlar, fabriklər hamısı bu qaydadan istifadə etsələr bazarda qiymətləri tənzimləmək asan başa gələr, üstəlik  istehsalçıların alıcılar arasında nüfuzu və etibarı daha da artar. Mərkəzdə yaşayan və işləyən sadə insanların da canı möhtəkirlərin əlindən qurtarar. 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı