Modern.az

“Dövlət hesabına edilən hüquqi yardımların sayı gizli saxlanılır” - vəkil Adil İsmayılov

“Dövlət hesabına edilən hüquqi yardımların sayı gizli saxlanılır” - vəkil Adil İsmayılov

Aktual

22 Avqust 2012, 12:35

Hüquqi yardımla bağlı yeni bir qanun hazırlanır, amma...”

Adam var özünə vəkil tuta bilmir. Ümidini dövlətə bağlayır. Bəs vəkil bunda maraqlıdırmı?

Azərbaycanda dövlət təyinatı ilə işə çıxan vəkilə əvvəllər hər saat üçün 1manat 90 qəpik ödənilirdisə, sonralar bu məbləğ artaraq 2manata çatdırıldı. Bu məbləği göz önünə gətirən yaxalanmış şəxsi müdafiə edərmi?

“Hazırda dövlət hesabına göstərilən hüquqi yardımların sayı Vəkillər Kollegiyası tərəfindən gizli saxlanılır”, – deyə Modern.az-a açıqlamasında vəkil Adil İsmayılov bildirib: “Dövlət tərəfindən təyin olunmuş vəkillərin bir saatına verilən məbləğ olduqca azdır. Bunun az olmağı öz-özlüyündə aydındır ki, bu pula heç nə etmək mümkün deyil. Hər dəfə bu məsələ qalxanda Vəkillər Kollegiyasının sədri ona istinad edir ki, Konstitusiyada nəzərdə tutulub ki, vəkillər Azərbaycan dövlətinin vətəndaşı üçün keyfiyyətli yox, yüksək keyfiyyətli hüquqi yardım göstərilməsini təmin edir. Amma bu məbləğlə nəinki yüksək keyfiyyətli, heç adi keyfiyyətli olan yardımdan da söhbət gedə bilməz”.

A. İsmayılov qeyd edir ki, dövlət hesabına hüquqi yardım əslində, pulsuz hüquqi yardım demək deyil. Vətəndaşın verəcəyi pulu dövlət ödəməlidir: “Bir qayda olaraq, dövlət hesabına olan hüquqi yardım o hüquqi yardımın pulunu ödəyə bilməyən şəxslərə olunmalıdır. Amma biz təcrübədə görürük ki, yüksək səviyyədə dövlət məmuru həbs olunur və ona dövlət hesabına vəkil ayırırlar. Nəyə görə ona dövlət hesabına vəkil təyin edirlər? Ona görə ki birinci gündən faktiki olaraq onu müdafiəsiz qoymaq istəyirlər. O adamın imkanı var ki, özünə vəkil tutsun, amma ona bu şərait yaradılmır. Elə vəkillər var ki, il ərzində 500-600 iş görməklə guya dövlət hesabına yardım göstərir. Bunun özü bir absurddur. Fiziki cəhətdən mümkün deyil. Bunu o adamlara göndərirlər ki, bunlar gedib orada qol çəkib gəlirlər. Guya iştirak edəcəklər və onun da pulunu faktiki olaraq, ya müstəntiqlər, ya da prokurorlar, ya da hakimlər verir. Onlar sadəcə məcburdurlar ki, gəlib qol çəksinlər. Çünki qanun tələb edir. Müəyyən kateqoriya işlər var ki, o işlərdə müdafiəçinin iştirakı məcburdur. Yəni istəsələr də, istəməsələr də bunu məcburən müdafiəçi ilə təmin etməlidirlər”.

Tanınmış vəkil hazırda vəkillik sahəsində yaşanan problemlərə də aydınlıq gətirib: “Bu vəziyyətdən müxtəlif çıxış yolları var. Çıxış yollarından birini onda görürəm ki, xüsusi hüquq məsləhətxanaları yaradılmalıdır ki, dövlət hesabına hüquqi yardım göstərsin, vəkillərə də aylıq əmək haqqı verilməlidir. Bu adam da bilməlidir ki, hüquqi yardım göstərmək bunun işidir və adamdan da nəyisə tələb etmək mümkündür. Dəfələrlə demişəm ki, bu məsələlərin tənzim etməyin yolu yalnız ondan ibarətdir ki, xüsusi qurumlar yaradılsın. Bütün ölkələrdə bu qayda var. Özü də hər rayonda belə qurum olmalıdır. Bu gün belə bir vəziyyət var ki,  Azərbaycanın  müəyyən rayonlarında heç bir nəfər də olsun vəkil yoxdur. Onlar istəsələr də, dövlət hesabına heç müqavilə ilə də vəkil tapa bilmirlər”.

A. İsmayılov daha sonra bildirib: “Bildiyim qədər, hüquqi yardımla bağlı yeni bir qanun hazırlanır, amma ortalıqda hələ heç nə yoxdur. Bu gün Azərbaycanda vəkillərin sayı da olduqca azdır. Vəkilliyə qəbul qaydaları  çox mürəkkəbdir. Bu qaydaları sadələşdirmək lazımdır. Tez bir zamanda vəkillərin sayının artırılmasının yolu odur ki, uzun müddət hüquq-mühafizə orqanlarında işləyən adamlar vəkilliyə heç bir imtahansız, heç bir müsabiqəsiz qəbul olunmalıdırlar. 3 illik təcrübəyə ehtiyac yoxdur, təcrübə müddətini azaltmaq lazımdır. Vəkilliyi inkişaf etdirmək üçün bu sahəyə müəyyən güzəştlər olmalıdır.

Nihadə Eyyubova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı