Bu il avqustun 6-da Bolqarıstan Respublikasına bərpa müalicəsinə yola salınmış 30 nəfər əlil həmvətənimiz 28 günlük müalicə kursunu başa vuraraq geri dönüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
Modern.az-a bildirilib ki, Bolqarıstan Respublikası ilə müvafiq razılaşma əsasında ilk dəfə olaraq Azərbaycandan olan əlillərin həmin ölkədə müalicəsi təşkil edilib.
Səfərdən qayıdan əlil həmvətənlərimiz, o cümlədən I qrup Qarabağ əlilləri Əhmədov Aqil Mürsəl oğlu (Zaqatala) və Mansurov Teymuraz Qeybulla oğlu (Sumqayıt), II qrup Qarabağ əlili Mahmudova Şəfaxanım Ağaverdi qızı (Xaçmaz), Səfərova Nərgiz Paşa qızı (Naxçıvan) və digərləri əlil insanların hərtərəfli təminatına, eyni zamanda onların tibbi-sosial reabilitasiyasına göstərilən böyük diqqət və qayğıya görə dövlət rəhbərinə minnətdarlıqlarını ifadə ediblər. Onlar bildiriblər ki, Bolqarıstanda müalicə olunduqları «Pavel Banya» sanatoriyası səmərəli təbii müalicə metodları ilə tanınır. Burada peşəkar həkimlər tərəfindən əsasən mineral sular, müxtəlif müalicəvi hovuzlar və s. vasitəsilə tətbiq olunan fizioterapevtik müalicə üsulları onların səhhətində xeyli yaxşılaşma yaradıb. Azərbaycandan gəlmiş əlillərə sanatoriyada lazımi diqqət və qayğı ilə yanaşılıb, onların mənalı istirahəti, həmçinin Bolqarıstan təəssüratlarının daha zəngin və mənalı olması üçün ölkənin görməli yerlərinə ekskursiyaları təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev bildirib ki, hər il ənənəvi olaraq ümumən 80 nəfərdən artıq əlil vətəndaş Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N. Burdenko adına Onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzinə müalicəyə yola salınır. Eyni zamanda, bu ildən əlil insanlarımıza dövlət hesabına Ukrayna ilə yanaşı, Bolqarıstanda da müalicə olunmaq imkanı yaradılıb və bu sahədə ilk təcrübə müsbətdir. Ölkə daxilində də əlillərin reabilitasiyası işlərinin davam etdirildiyini qeyd edən Asəf Əliyev bildirib ki, cari il ərzində daha 100 nəfərədək əlil vətəndaşın Naftalan şəhərindəki müvafiq reabilitasiya müəssisələrində bərpa müalicəsinin təşkili nəzərdə tutulur.