Modern.az

“Azstandart” qatıq, xama, dovğa, kəsmik və ayranın satışına qadağa qoydu

“Azstandart” qatıq, xama, dovğa, kəsmik və ayranın satışına qadağa qoydu

Aktual

7 Sentyabr 2012, 12:12

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sexlərə nəzarəti davam edir. Modern.az-ın məlumatına görə bu dəfə Komitə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehdi Məmmədquliyevə məxsus “Bizim ailə” nişanlı süd məhsulları istehsalı sexində dövlət nəzarəti aparıb. Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə məhsulların müvafiq keyfiyyətdə sabit istehsalı üçün sanitariya norma və qaydaların tələblərinə cavab verən şərait yoxdur. Müəssisədə istehsal olunan məhsulların müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturaları və texnoloji təlimatları mövcud deyil və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə ziddir. Bundan başqa istehsalda texnoloji proseslər pozulur, nəzarət olunmalı göstəricilər gözəyarı müəyyən edilir. Markalanmada normativ sənədlərin tələbi pozularaq nəticədə istehlakçılar aldadılır. Belə ki, istehsalda sırf quru süddən istifadə olunduğu halda, etiketlərdə “camış qatığı” kimi yalnış məlumatlar göstərilir.

Komitə Salyan Ərazi İdarəsi Şirvan şəhəri, Xəqani küçəsi 20 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülnar Vəliyevaya məxsus şirniyyat sexində və Salyan Ərazi İdarəsi Şirvan şəhəri, Cənub Sənaye Qovşağı ünvanında fəaliyyət göstərən “Şirvan Sənaye Kombinatı-2” ASC-də kərpic istehsalına nəzarət həyata keçirib. Baxış zamanı hər iki sexdə məhsulların gigiyenik və uyğunluq sertifikatları olmadan, həmçinin resepturasız məhsul istehsal olunduğu aşkar olunub. Bundan başqa hazır məhsulların mütəmadi olaraq sınaqları aparılmır, bunun üçün akkreditasiya olunmuş laboratoriya ilə müqavilə mövcud deyil.

Komitə Şəki və Lənkəran sexlərinə də baxış keçirib. Ərazi İdarəsi Qax şəhəri, M.Maqamayev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən fiziki şəxs Zəfər Abdullayevə məxsus alkoqolsuz içki istehsalı sexində məhsul istehsalı üçün sanitar norma və qaydalar pozulduğu aşkar olunub. Həmçinin istifadə olunmuş şüşə butulkaların təkrar istifadəsində yuyulma texnologiyasına əməl olunmur, məhsulun sınaqları aparılmır, müəssisə normativ sənədlə təmin edilmir. Lənkəran rayonu, Xarxatan kəndində fəaliyyət göstərən “Xarxatan kərpic istehsal kooperativi”ndə keramik daş və kərpic istehsalında da məhsulların AZS Milli sertifikatlaşdırma qaydalarına zidd olaraq sertifikatlaşdırılmadığı, istismar olunan ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olaraq müqayisəli dövlət yoxlamasından keçmədiyi və s. müəyyən olunub.

Bakı şəhərində fiziki şəxs M.Məmmədquliyevə məxsus sexdə “Bizim ailə” nişanlı qatıq, xama, dovğa, kəsmik və ayranın, Şirvan şəhərində fiziki şəxs G.Vəliyevaya məxsus sexdə şərq şirniyyatının, “Şirvan Sənaye Kombinatı-2” ASC-də şaquli dəlikli yüngül fabrik kərpicinin, Qax şəhərində fiziki şəxs Z.Abdullayevə məxsus sexdə duşes limonadının istehsalı və satışı qadağan edilib. Lənkəran rayonunda keramik daş və kərpic istehsal edən “Xarxatan kərpic istehsal kooperativi” ilə bağlı materiallar prokurorluğuna təqdim olunub.

Gütləkin Ələsgər

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı