Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti car ilin sentyabrın 5-dək iş yerlərində 17 000 nəfər işçi ilə əmək müqaviləsinin bağlatdırılmasını təmin edib.
Bu barədə Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu ilin 8 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 4295 sahibkarlıq subyektində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib, 2248 vətəndaş müraciətinə baxılıb və müvafiq tədbirlər görülüb. Bu müddətdə işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmadığı 11671 hal aşkar edilib, onlardan bir hissəsi dövlət nəzarətinin həyata keçirildiyi zaman aradan qaldırılıb, icrası müddət tələb edən pozuntuların aradan qaldırılması üçün işəgötürənlərə müvafiq göstərişlər verilərək yerinə yetirilməsi nəzarətə götürülüb. Bu dövrdə əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş 54 nəfər öz əvvəlki işinə bərpa edilib, ödənişi işəgötürənlər tərəfindən gecikdirilmiş 305 880 manat məbləğində sosial ödənişlərin, o cümlədən 256 007 manat əmək haqqının, 27 722 manat zərər əvəzi ödəncin, 22 151 manat isə digər sosial müavinətlərin vətəndaşlara ödətdirilməsi təmin edilib.