Tovuz şəhərindəki şəhid Elxan Məmmədov adına tam orta məktəb üçün inşa olunan 360 yerlik yeni məktəb binası açılışı olub və istifadəyə verilib.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı Qənirə Paşayeva respublikada, o cümlədən Tovuzda aparılan abadlıq və quruculuq işlərindən, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıblar.
Çıxışçılar məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xidmətlərindən danışaraq qeyd ediblər ki, Fondun təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində son illər rayonda 3 məktəb binası istifadəyə verilib. Bundan əlavə, daha 14 məktəb binası dövlət vəsaiti hesabına tikilib. Hazırda rayonda daha 3 məktəb binasının tikintisi davam edir.
Millət vəkili Qənirə Paşayeva Tovuzdan ali məktəblərə daxil olan şagirdlərin və bunların arasında 500 baldan artıq toplayanların sayının artmasını yaxşı hal kimi qiymətləndirib. O, bu il Tovuz rayonundan 79 nəfərin ali hərbi məktəblərə daxil olmasını yüksək qiymətləndirib və bildirib ki, ölkə üzrə rayonlar arasında ən çox hərbi məktəblərə daxil olanların sayına görə Tovuzun ön sırada olması onu çox məmnun edir.
Sonra tədbir iştirakçıları 18 sinif otağından, fizika, kimya laboratoriyaları, 2 informatika otağı, kitabxana və idman zalından ibarət olan, müasir avadanlıqla təmin edilmiş ikimərtəbəli yaraşıqlı məktəb binası ilə tanış olublar.
Modern.az