Təhsil Nazirliyi maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun sentyabrın 12-nə təyin olunan məhkəməsi ayın 19-u saat 11-ə təyin olunub. Modern.az-a bu barədə danışan O.Kərimov bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində prosesin təxirə salınmasının səbəbi o olub ki, dövlət ittihamçısı məzuniyyətdən gəlməyibmiş.
Prosesə yaxşı hazırlaşdığını bildirən Orxan Kərimov qeyd edib ki, “məhkəməyə hazırlaşmağa indi bir az vaxtım çox oldu, günahsız olduğumu sübut eləmək üçün mənə lazım olan fikirləri, mövqeləri, sənədlərin hamısını toplayıb, çıxışımı və suallarımı hazırlamışam”.
Məhkəmədən ədalətli qərar gözləyən sabiq müdir müavininin sözlərinə görə, günahsızlığını sübut edə biləcək: “Məlum olduğu kimi, iyunun 21-də mənə qarşı böyük humanist mövqe nümayiş etdirən cənab prezident İlham Əliyev sağ olsun ki, azadlığa çıxmağıma şərait yaratdı, tapşırıq verdi və bu həll olundu. Düşünürəm ki, bundan sonra mənə qarşı ədalətsizlik olmayacaq. Bundan sonra iyul ayında mənim cənab prezidentə məktubla müraciətim olmuşdu. Orada da mən prezidentə təşəkkürümü bildirmişdim və bu məsələləri onun nəzarətində saxlanmasını xahiş etmişdim. Bütün bunlara istinad edərək, fikirləşirəm ki, ədalətli məhkəmə olacaq, mən bəraət alıb öz adımın təmizliyini qoruya biləcəyəm”.
O. Kərimov bildirib ki, məhkəmə hakim Ramella Allahverdiyevanın sədrliyilə keçəcək, onun vəkilləri Ramiz Məmmədov və Müzəffər Baxışdır.
Səhhəti ilə bağlı danışan O.Kərimov qeyd edib ki, xəstəliyi, sağalan deyil, gərək ömrünün sonuna qədər özünü gözləsin.
“Ancaq əvvəlki durumumla indiki arasında böyük fərq var. Əməliyyat olunmuşam, müayinələrdən keçirəm, dərmanlar qəbul edirəm”.
Qeyd edək ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. Amma prezident İlham Əliyevin göstərişi ilə ürək xəstəliyindən əziyyət çəkən O.Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri bir müddət öncə dəyişdirilib və o, müalicəyə göndərilib. O.Kərimov iyunun 27-də Mərkəzi Klinik Xəstəxana ürəyindən əməliyyat olunub
Sevinc İltifatqızı