Uzun müddət bələdiyyələrin üzləşdikləri problemlərdən biri də onlara məxsus ərazilərin dəqiq müəyyənləşdirilməməsidir. Bu məsələ xüsusilə Bakıda daha qabarıq şəkildə özünü göstərir. Hətta bir neçə dəfə bir bələdiyyə digərinə məxsus ərazini satıb və sonradan bununla bağlı ciddi insident yaşanıb.
Məhz bu cür problemləri aradan qaldırmaq üçün prezident 2011-ci ildə bələdiyyə torpaqlarının sərhədlərinin müəyyənləşdirilməsi haqqında sərəncam imzalayıb.
Bir müddət əvvəl isə bu sərəncama uyğun olaraq bələdiyyə torpaqlarının xəritəsinin hazırlanmasına başlanılıb. Bələdiyyə torpaqlarının xəritəsinin sentyabr ayında təhvil veriləcəyi deyilsə də, hələki, proses yekunlaşmayıb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ərazi vahidlərinin müəyyən edilməsi sektorunun müdiri İslam Ələkbərovun
Modern.az-a verdiyi məlumata görə, bələdiyyə torpaqlarının xəritəsi tam hazır deyil. Onun sözlərinə görə, bələdiyyələrin inzibati ərazi xəritələrinin üzərində işlər gedir: “Hələki xəritələrin 70-80 faizi hazırdır. Bələdiyyələrin ərazi vahidləri müəyyənləşdirilib. Amma xəritələrinin üzərində işlər davam etdirilir”.
Sektor müdiri onu da bildirib ki, bələdiyyələrin mülkiyyət növlərinin və xəritələrinin hazırlanması haqqında fərman eyni vaxtda verildiyindən proses ləngiyir. Çox güman ki, hazırlanan 1718 bələdiyyənin xəritəsi ilin sonuna kimi təhvil veriləcək.
Gültəkin Ələsgər