“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) dəvəti ilə Azərbaycan Respublikasında səfərdə olan görkəmli türk yazıçısı və ədəbiyyatşünas alim professor-doktor İskəndər Pala Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov tərəfindən qəbul edilib.
Ziyafət Əsgərov iki ölkə arasında parlamentlər səviyyəsindəki yüksək münasibətdən söz açıb. Ziyafət Əsgərov millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə gerçəkləşən bu səfər və görüşün də iki ölkə arasındakı qardaşlıq bağlarının daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. İskəndər Pala Azərbaycana səfəri, səfər çərçivəsində keçirdiyi görüşlər barədə Milli Məclis sədrinin I müavininə məlumat verərək, bir alim və yazıçı olaraq burada ona göstərilən yüksək qonaqpərvərliyə və yaradıcılığına bəslənən marağa görə öz təşəkkürünü bildirdi. O, qardaş ölkələr arasındakı qarşılıqlı əlaqələrin inkişafında millət vəkilləri kimi, yazıçıların, alimlərin də üzərinə vəzifələr düşdüyünü ifadə edib. Görüşün sonunda Türkiyəli ədib bir neçə kitabını Ziyafət Əsgərova hədiyyə edib.