Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışında iştirak edib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru Nərgiz Paşayeva Azərbaycan Prezidentinə və xanımına məlumat veriblər ki, yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanıbdır.
Bildirilib ki, yeddi korpusun, dörd yataqxananın daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub.
Dövlət başçısı və xanımı universitetin beş mərtəbədən ibarət yeni binasının müasir tədris avadanlığı ilə təchiz edilmiş auditoriyalarında, zəngin kitabxanasında, konfrans zalında, yeməkxanasında, tələbə mərkəzində, “13 müdriklər klubu”nda yaradılmış şəraitlə tanış olublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva universitetin birinci mərtəbəsində köhnə Bakının və köhnə Moskvanın görüntülərini əks etdirən fotostendlərə baxıblar.
Daha sonra Azərbaycan Prezidenti və xanımı universitetin ayrı-ayrı mərtəbələrindəki auditoriyalarda, kompyuter zalında yaradılmış şəraitlə tanış oldular, ali təhsil ocağının dördüncü mərtəbəsindən ətrafı seyr etdilər. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi. Sonra Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və bu ali təhsil müəssisəsinin Bakı filialının rektoru Nərgiz Paşayeva çıxış ediblər. Universitetin müəllim-tələbə heyəti dövlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdirib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu və trenajor zalında yaradılmış şəraitlə tanış olublar. Azərbaycan Prezidenti yeni kompleksdə yaradılmış şəraitdən razılığını bildirib. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2008-ci il tarixli Sərəncamı ilə yaradılıb.
Modern.az