Yəqin ki, hər birimiz ali məktəbdə təhsil alarkən kitab çatışmazlığı, 100 vərəqli kitabın surətinin çıxardılması, seminar üçün lazım olan kitabların universitet kitabxanalarından tapılmaması halları ilə qarşılaşmışıq. Elə bunu müxtəlif ali təhsil müəssisələrinin tələbələri arasında etdiyim söhbət də göstərdi. Onlar bildirdilər ki, universitet kitabxanalarında tələbə ədəbiyyatı çatışmazlığı səbəbindən çoxvərəqli kitabların sürətlərini çıxartdırmağa məcbur olurlar ki, bu da maddi baxımdan ucuz başa gəlmir. Onu da vurğuladılar ki, sürətçıxartmadan əlavə, tələbə ədəbiyyatını bəzən elə olur ki, ümumiyyətlə tapa bilmirlər. Qiyabi təhsil alan tələbələr isə onlara müxtəlif bəhanələrlə kitabxanaçının kitab vermədiyini bildirdilər. Problemli məsələlərdən bir də o dur ki, fotojurnalistika sahəsində Azərbaycan dilində ixtisaslı kadrlar hazırlamaq baxımından ədəbiyyat, vəsait yoxdur. Belə olan halda tələbələr yalnız internet resurslarından istifadə etməklə kifayətlənirlər.
Ali məktəblərimizin tələbə ədəbiyyatı ilə təmin olunması ilə bağlı məsələyə Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı belə münasibət bildirdi:
“Ali məktəblər və müəlliflər özləri də öz vəsaitləri hesabına lazım bildikləri tədris ədəbiyyatını çap edib yaya bilərlər. Amma konkret bunun səviyyəsi bu gün hansı dərəcədədir, hansı ali məktəbdə necədir, deyə bilmərəm. Hələ ki bizə ciddi siqnallar gəlmir ki, tələbə ədəbiyyatı yoxdur və ya çatışmır, mən bu haqda eşitməmişəm. Kim deyir ki, nəşr dayanır? Nəşrlərimiz olur. Bəzən bizi qınayırlar ki, internet resursları, əlavə resurslar, ədəbiyyatlar olsun, internetdən də istifadə edirlərsə, hər halda internetimiz də varsa, bu da böyük bir şeydir”.
Şöbə müdiri yeni sahələr üçün vəsait çatışmazlığını hazır bazanın olmaması ilə əlaqələndirdi: “Birdən-birə yeni açılan sahələr üçün dərhal dərsliklər hazırlamaq olmur axı. Biz ali məktəblərin kitabxanalarına kitab alınması ilə məşğul deyilik. Ali məktəblər özləri öz vəsaitləri hesabına tələbələri ədəbiyyatla təmin edirlər. O zamanlar biz oxuyanda bir ədəbiyyatdan çoxlu adam istifadə edirdi. Yəni olmayan yerdə bu da olar. Yeni fakültələr var, hər il yeni-yeni ixtisaslar açılır. Gərək alimlər və mütəxəssislər yetişsin, bunun proqramlarını hazırlasınlar ki, dərslikləri də olsun. Düzdür, müəllimlər bu zaman internetdən, başqa ədəbiyyatlardan istifadə edirlər. Gərək baza formalaşsın ki, o çap olunsun. Ali məktəblərin kitablarla təmin edilməsi onların öz səlahiyyətləridir, onun bizə aidiyyatı yoxdur. Bizdə yalnız dərsliklər ümumtəhsil məktəbləri üçün dövlət vəsaiti hesabına çap edib yerlərə çatdırılacaq”.
Şahanə Rəhimli