Modern.az

Eldar Həsənov Dağlıq Qarabağla bağlı açıqlama verib

Eldar Həsənov Dağlıq Qarabağla bağlı açıqlama verib

Aktual

27 Sentyabr 2012, 13:52

“Dağlıq Qarabağ problemi ilə bağlı Prezidentin atdığı addımlar açıq şəkildə ortadadır. O, hər bir qaçqının, məcburi köçkünün fikrində, ürəyində olan, milli mənafeyə söykənən mövqe ortaya qoyub. Neçə illərdir ki, bu mübarizəni açıq şəkildə aparır”.

Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycanın Rumıniya, Serbiya və Monteneqrodakı səfiri Eldar Həsənov Dağlıq Qarabağ problemi ilə bağlı fikirlərini bölüşərkən deyib. O qeyd edib ki, Dağlıq Qarabağ məsələsinin heç də bütün konturları bəlli olmadığından bununla bağlı hər hansı şərh verməkdə çətinlik çəkir:

“Sadəcə mətbuatda gedənlərdən, tanış olduğum materiallardan birmənalı aydın olur ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti yetərli deyil. Nə beynəlxalq ictimaiyyətin, nə beynəlxalq təşkilatların, nə Azərbaycan ictimaiyyətinin məsələnin sülh yolu ilə həllində yetərli addımları var. İşğalçını işğalçı adı ilə adlandıran yoxdur. İşğal olunmuş ərazilərlə bağlı beynəlxalq qurumların birmənalı qərar və qətnamələri olduğu halda, Ermənistanın həmin əraziləri qeyd-şərtsiz azad edilməsi istiqamətində bir addımı yoxdur. Reallıq ortadadır. Amma həmin beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara və Minsk qrupunun həmsədrlərinə Azərbaycan dövlətinin mövqeyi tam məlumdur”.

E.Həsənov eyni zamanda Azərbaycan Respublikasının xaricdəki diplomatik korpus rəhbərlərinin 4-cü müşavirəsi zamanı Prezident tərəfindən səfirlər qarşısında Azərbaycanın milli maraqlarına söykənən, dövlət maraqlarına cavab verən konkret tapşırıqlar qoyulduğunu vurğulayıb:

“O tapşırıqları biz yerinə yetirməliyik. Bundan əvvəl də nələr etməyimizlə bağlı cənab Prezident konkret tapşırıqlar vermişdi. Bu tapşırıqlar ciddi tapşırıqlardır və onlar icra olunmalıdır.
Səfirlərimiz təcrübəlidir, xeyli işlər görürüblər. Bu işləri davam etdirirlər. Bu barədə Azərbaycan ictimaiyyəti də bilir. Əminəm ki, bu istiqamətdə nailiyyətlərimiz olacaq. Ümumiyyətlə, bu istiqmaətdə işlərimiz davamlı olaraq gedir və getməlidir. Yəni bu, epizodik xarakter daşımamalıdır. Cənab Prezident konkret şəkildə qarşımızda bu məsələləri qoyub. Bu istiqamətdə işlərimiz də daha məsuliyyət, daha ciddiyyətlə davam etdiriləcək”.

Diaspor təşkilatlarının səfirliklərlə birgə fəaliyyətinə gəlincə isə səfir qeyd edib ki, diaspor təşkilatı dedikdə xaricdə yaşayan azərbaycanlılarla aparılan işdən söhbət getməməlidir. Mütləq diaspora dedikdə diaspora-lobbiçilik əlavə olunmalıdır:

“Bu gün Azərbaycan vətəndaşının dediyi sözdən daha kəsərli diplomatın fəaliyyət göstərdiyi ölkənin tanınmış alimlərinin, ziyalılarının, siyasi politoloqlarının, nüfuzlu insanlarının senatorlarının, deputatlarının söz deməyi daha kəsərlidir. Bu daha çox ictimai şüurun formalaşmasına kömək edir. Bu baxımdan əlbəttə xaricdə yaşayan hər bir Azərbaycan vətəndaşımızın qayğısını, qanunla qorunan haqq və hüquqlarını təmin etmək, kömək etmək, onları ümummilli maraqlarımız ətrafında birləşdirmək borcumuzdur. Amma bu yetərli deyil”.

Eldar Həsənov hesab edir ki, əsas məsələ Azərbaycanın dostlarını, Azərbaycansevərlərin sayını artırmaq və onun sayca keyfiyyətli tərkibinə diqqət yetirməkdir:

“Bu gün bizə qarşı aqressiv, ünvanlı, haqsız və düşməncəsinə mövqe tutan erməni disporunun fəaliyyətinin qarşısında Azərbaycan sevərlərin mübarizəsi aparılmalıdır. Bu istiqamətdə bir çox ölkələrdə çox uğurla iş aparılır. Hesab edirəm ki, bu sahədə uğurlarımız, həqiqətləri bilən, işğalçını işğalı kimi tanıyan Azərbaycansevərlərimiz var”.

Səfir vurğulayıb ki, Prezidentin səfirlər qarşısında qoyduğu məsələlərdən ən vacibi Azərbaycanın lobbiçilik fəaliyyətini gücləndirməkdir:
“Ona görə tək diaspor təşkilatları, Diasporla İş üzrə Dövlət Komitəsi və ya səfirlik-diaspor əlaqəsi ilə kifayətlənmək milli maraqlarımızı təmin etmir. Prezidentimiz qarşımızda geniş mənada, daha konkret şəkildə məsələlər qoyub. Bir sözlə, bu istiqamətdə işləri bəyanatla deyil, əməli işlərimizlə təsdiq etməliyik”.

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı