Vergilər Nazirliyi yanında vergi Auditi Departamentinin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 30A, ev 29 ünvanında vergi nəzarəti tədbirləri həyata keçirilərkən Qafarov Şahin Ələsgər oğluna (VÖEN 1302699892) və Quliyev Orxan İbrahim oğluna (VÖEN 1001364012) məxsus obyektlərdə qanunsuz totalizator oyunlarının təşkil edildiyi aşkar olunub.
Vergilər Nazirliyindən
Modern.az-a verilən məlumata görə, “Real” adı ilə qanunsuz totalizator fəaliyyəti göstərən Ş.Qafarova məxsus obyektdə nəzarət tədbiri keçirilərkən obyektin qanunsuz fəaliyyətini təsdiq edən 4 ədəd kompüter dəsti, noutbuk, televizor, “qara mühasibatlıq” sənədləri və nağd pul vəsaitləri aşkar edilərək vergi əməkdaşları tərəfindən götürülüb. Eyni ünvanda O.Quliyevə məxsus “Maxsimus” adlanan digər obyektdə də qanunsuz olaraq totalizator oyunlarının keçirildiyi aşkar edilib, obyektin qanunsuz fəaliyyətini təsdiq edən 2 ədəd kompüter dəsti, televizor, boş və yazılı uduş kuponları, nağd pul vəsaitləri müvafiq qaydada rəsmiləşdirilərək götürülüb.
Keçirilən tədbir zamanı hər iki şəxsin nağd pul hesablaşmalarının aparılması qaydalarına əməl etmədiyi də müəyyən olunaraq müvafiq sənədləşmələr aparılıb.
Modern.az