Azərbaycanda mətbuat muzeyinin yaradılması haqqında Parlament Jurnalistləri Birliyinin təklifinə deputatlardan münasibət gəlib.
Millət vəkili Aqil Abbasın sözlərinə görə isə Azərbayan mətbuat tarixində görkəmli şəxsiyyətlər var: “Düzdür, onların bir çoxunun ev-muzeyləri olsa da, bu başqadır. Mən hesab edirəm ki, mətbuat muzeyi yaradılsa, yaxşı olar. Mən bunu ancaq dəstəkləyə bilərəm”.
“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov bildirib ki, mətbuat muzeyi Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunu, mətbuatımızın korifeyləri, onların həyat və yaradıcılığı haqqında indiki nəslə məlumat verə bilər. O, “mətbuat muzeyi mətbuatımızın inkişaf tarixindən söz aça bilər. Eyni zamanda son dövrlərdə qazanılmış uğurları əks etdirən eksponatlar, müəyyən sənədləri geniş ictimaiyyətə çatdıra bilər. Mən hesab edirəm ki, artıq bunun yaradılmasının vaxtı yetişib. Hətta bütövlükdə jurnalist evi, jurnalist klubu, onun yanında mətbuat muzeyi də yaradıla bilər. Jurnalistlərin ünsiyyətə gəldiyi, biri-birində öyrənmək istədikləri və eyni zamanda mətbuat tarixindən, mətbuatımızın ənənələrindən öyrənmək üçün bir yerin mövcudluğu bizim işimizə ancaq fayda gətirər”-deyə vurğulayıb.
Sevinc İLTİFATQIZI