Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə bağlı yeni məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini nəzərə alaraq qardaşı Mahir Abdullayevin 13 oktyabr 2003-cü il tarixdə itkin düşməsi və digər faktlarla bağlı istintaq olunan cinayət işi üzrə Baş prokurorun qərarı ilə Baş prokuror yanında tam yeni tərkibdə istintaq-əməliyyat qrupu yaradılıb və qrupa rəhbərlik Baş prokurorun böyük köməkçisi Elmar Camalova həvalə edilib.
“Eyni zamanda “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” 11 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq E.Abdullayevin Azərbaycan Respublikasına gəldiyi təqdirdə qeyd olunan cinayət işi üzrə zərərçəkmiş şəxs kimi şəxsi təhlükəsizliyi təmin ediləcək”-deyə məlumatda bildirilib.
Modern.az