Hələlik yalnız eks-prezident Ayaz Mütəllibova mühafizə xidməti ayrılıb
“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununa görə, bir sıra güzəştlər nəzərdə tutulub. Bunlardan biri də eks-prezidentə mühafizəçilərin ayrılmasıdır.
Belə ki, qanunun 10-cu maddəsinə görə, eks-prezident 3 nəfərdən artıq olmayan təhlükəsizlik heyətilə təmin olunmalıdırlar.
Xəbər verildiyi kimi, Azərbaycanın ilk eks-prezidenti Ayaz Mütəllibov artıq bu qanuna müvafiq olaraq dövlət hesabına mühafizəçilərlə təmin olunub.
Bəs digər eks-prezident, məhrum Əbülfəz Elçibəyin ailəsi necə, onlara da təhlükəsizlik heyəti ayrıla bilərmı?
“Eks-prezidentlərin və onların ailə üzvlərinin təhlükəsizliyinin təmin olunması ilə bağlı imtiyazdan hələ ki yalnız Ayaz Mütəllibov istifadə edir. Elçibəyin ailəsi təhlükəsizlik heyətilə təmin olunmayıb”.
Bunu Modern.az saytına Xüsusi Dövlət Mühafizə Xidmətindən bildiriblər.
“Qanuna görə, eks-prezidentlər və onların ailə üzvlərinin təhlükəsizlikliyinin təmin olunması işini dövlət özü həyata keçirir. Onların təhlükəsizliyinin təmin olunması bizə - Xüsusi Dövlət Mühafizə Xidmətinə ünvanlanır. Eks-prezident Ayaz Mütəllibov təhlükəsizlik heyətilə təmin olunub. Elçibəyin ailəsinə isə təhlükəsizlik heyəti hələ ayrılmayıb. Bu işə baxılır. Hər bir iş qanunvericiliyin tələbinə uyğun həyata keçirilir. Bununla bağlı iş davam edir. Məsələ ilin sonuna kimi həll olunacaq”-deyə Xüsusi Xidmətdən Modern.az-a bildiriblər.
Gültəkin Ələsgər