Avqust-sentyabr aylarında “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat-təşviqat kampaniyasının təşkili” layihəsi çərçivəsində növbəti sorğusunu həyata keçirib. Bu layihə çərçivəsində respondentlərə sağlamlıq imkanları məhdud uşaqların və əlillərin sosial müdafiəsinin və onların maraqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə bağlı bir-neçə sual verilmişdir.
Ümumilikdə Bakı və Sumqayıt şəhərlərində 500 nəfər arasında keçirilən rəy sorğusuna 280 nəfər qadın cəlb edilib. Bu, ümumi respondentlərin 56%-ni təşkil edib. Sorğuda iştirak edən 220 (44%) nəfər isə əks tərəfin cinsinə mənsub olub.
Respondentlərin 114 nəfəri (22,8%) 18-34 yaş, 175 nəfəri (35%) 35-54 yaş, 171 nəfəri (34,2%) 55-74, 40 nəfəri (8%) isə 75-dən yuxarı yaş kateqoriyalarına aid olublar.
“Bu gün sağlamlıq imkanları məhdud uşaqların və əlillərin sosial müdafiəsinin mövcud durumunu necə dəyərləndirərdiniz” sualına respondentlərin 164 nəfəri (32,8%) “Dövlət onlara qayğı göstərsə də, onların sosial müdafiəsində hələ də problemlər var”, 74 nəfəri (14,8%) “Onların sosial müdafiəsi lazımi səviyyədə deyil”, 211 nəfəri (42,2%) “Onların sosial müdafiəsi yaxşı təşkil olunub və gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi lazımdır” və 51 nəfəri (10.2%) isə “Cavab verməyə çətinlik çəkirəm” cavablarını bildiriblər.
“Sağlamlıq imkanları məhdud uşaqlara və əlillərə cəmiyyətdə digər vətəndaşlarla bərabər imkanların yaradılma səviyyəsi sizi qane edirmi” sualına respondentlərin 237 nəfəri (47,4%) “Nisbətən qane edir”, 86 nəfəri (17,2%) “Nisbətən qane etmir”, 163 nəfəri (32,6%) “Tamamilə qane edir” və 14 nəfər (2,8%) isə “Tamamilə qane etmir” cavablarını qeyd ediblər.
“Əlillərin işlə təmin edilmə dərəcəsindən razısınızmı” sualına rəyi soruşulanların 272 nəfəri (54,4%) “Bəli”, 43 nəfəri (8,6%) “Xeyr”, 185 nəfəri (37%) isə “Bəli, lakin təklif olunan işlərin sayı çox olsa yaxşı olar” cavablarını veriblər.
Sorğu zamanı rəyi soruşulanların 288 nəfəri (57,6%) “Nəqliyyatda əlillərin rahat hərəkət etmələri üçün lazımi şərait varmı” sualına “Var, onlar üçün yeraltı keçidlərdə panduslar quraşdırılıb, taksilər gətirilib” cavablarını veriblər. Respondentlərin 190 nəfəri (38%) bu suala “Var, lakin bu sahə daha da təkmilləşdirilməlidir”, 22 nəfəri (4,4%) isə “Yoxdur, onların hərəkəti üçün hələ də lazimi şərait yoxdur” cavablarını veriblər.
“Sizcə, əlillərin rahat hərəkəti üçün ictimai yerlərdə lazımi şərait varmı” sualına sorğu keçirilən kontingentin 193 nəfəri (38,6%) “Bəli, bunun üçün xeyli iş görülür”, 178 nəfəri (35,6%) “Bəli, lakin bu sahədə hələ də problemlər var” cavablarını veriblər. Həmçinin 79 nəfər (15,8%) “Xeyr, yalnız Bakı şəhərində bu sahə inkişaf edib” və 50 nəfər (10%) isə “Cavab verməyə çətinlik çəkirəm” cavabları ilə kifayətləniblər.
“Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara dövlət tərəfindən verilən güzəştlər və imtiyazlardan razısınızmı” sualına respondentlərin 179 nəfəri (35,8%) “Bəli, dövlət hər zaman onların yanındadı”, 154 nəfəri (30,8%) “Xeyr, onlar lazımi səviyyədə deyil”, 167 nəfəri (33,4%) isə “Cavab verməyə çətinlik çəkirəm” cavablarını veriblər.
Şahanə Rəhimli