
“Bizim müxalifət partiyalarının Gürcüstanda yeni hakimiyyətə gələnləri təbrik etməyinə çox təbii baxıram”. Bu sözləri Modern.az-a açıqlamasında politoloq Eldar Namazov Azərbaycan müxalifət partiya rəhbərlərinin “Gürcü arzusu”nun lideri Bidzina İvanişviliyə ünvanladıqları təbrikləri şərh edərkən deyib. E. Namazovun sözlərinə görə, bu təbrikin göndərilməsi çox normal qarşılanmalıdır:
“Azərbaycanla Gürcüstan bir-birinə çox sıx bağlı ölkələrdir, Azərbaycanın Avropaya, dünya bazarına çıxışı Gürcüstan ərazisindən keçir. Azərbaycan-Gürcüstan arasında strateji əməkdaşlıq mövcuddur. Bu, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, hər iki xalq üçün çox vacib önəmlidir. Hesab edirəm ki, həm Azərbaycan müxalifəti, həm də Azərbaycan hakimiyyətinin Gürcüstan müxalifəti və hakimiyyəti ilə münasibətləri nə qədər sıx olsa, bu, bir o qədər yaxşı haldır. Biz elə bir məkanda yerləşirik ki, Azərbaycanla Gürcüstan sıx əməkdaşlıq etməyə məhkumdurlar”.
Politoloq bildirib ki, müxalifətin qalib gəlməsi o demək deyil ki, Gürcüstanda demokratik qüvvələr uduzdular: “Bu müxalifətin özü də demokratik qüvvədir. Müxalifətin özü də Gürcüstanın Avropa Birliyi, NATO-ya inteqrasitasının tərəfdarıdır. Ona gorə də bu, Saakaşvilinin məğlubiyyəti deyil, əksinə demokratiyanın qalib gəlməsi deməkdir. Burada ən əsas diqqət buna yönəlməlidir”
Bu seçkilərin eyni zamanda, Saakaşvilinin də böyük qələbəsi olduğunu deyən E. Namazov bildirib ki, o hakimiyyətdə ola-ola inzibatı resurslardan istifadə etməyib.
“Seçkiləri uduzanda qalib tərəfin əlini sıxıb, təbrik edib, “biz müxalifətə birləşirik” dedi. Bu çox gözəl bir ənənə, yeni siyasi mədəniyyət nümayişidir. Bu onu göstərir ki, Gürcüstanda hakimiyyətə gəlməyin yolu, azad, demokratik seçkilərdir. Inqilab, çevriliş, saxtakarklıq deyil, bu mənada Saakaşvilinin özünə çox böyük bir təbrik düşür”.
Nihadə Eyyubova