Modern.az

Kasıb məktəblərdə elmi təcrübə işlərini necə aparmaq olar?

Kasıb məktəblərdə elmi təcrübə işlərini necə aparmaq olar?

Aktual

5 Oktyabr 2012, 17:04

 “Demokratik İnkişaf Platforması” ictimai birliyi “Avropanın innovativ təlim texnologiyalarının Azərbaycan ümumtəhsil məktəblərində tətbiqi perspektivləri və yeni fənn kurikulumlarının hazırlanması haqqında regional ictimai müzakirələrin və teledebatların təşkili” layihəsinin icrasına başlayıb. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.

İctimai Birlikdən Modern.az-a bildirilib ki, layihənin məqsədi ümumtəhsil məktəblərində fizika, kimya və biologiya fənləri üzrə təlimin keyfiyyətinə ciddi təsir göstərə biləcək innovativ Avropa metodologiyalarının Azərbaycanın ümumi təhsil sisteminə gətirilməsindən, təlimverənlərin interaktiv təlim texnologiyası sahəsində bu metodologiya ilə əlaqəli bilik, bacarıq və məlumatlılığının artırılmasından, həmçinin ölkənin ümumtəhsil məktəblərində fizika, kimya və biologiya üzrə yeni fənn kurikulumlarının hazırlanmasına və təlimin keyfiyyətinin artırılmasına yardım göstərməkdən ibarətdir.

“Məlumdur ki, ölkəmizdə fizika, kimya və biologiya üzrə müasir normalara cavab verən, tam təchiz olunmuş laboratoriyalı ümumi təhsil məktəblərinin sayı çox deyil. Ona görə də dərs məşğələlərində nəzəri biliklərin təcrübədə sınaqdan keçirilməsi və təlim zamanı interaktiv təlim texnologiyasından istifadə keyfiyyətli təşkil edilə bilmir”.

Layihə bu problemin aradan qaldırılması üçün Polşa Respublikasının “Kopernik” Elmi Mərkəzində işlənib hazırlanıb və Avropa ölkələrinin təhsil sistemində geniş istifadə edilən texnologiyanın Azərbaycan ümumi təhsil məktəblərində də öyrənilməsi və yayılmasını nəzərdə tutur. Bu texnologiyadan istifadə etməklə laboratoriya şəraiti olmayan ən kasıb məktəbdə də elmi təcrübə işlərini yüksək səviyyədə və keyfiyyətlə həyata keçirmək mümkündür.

İctimai Birlikdən bildirilib ki, “Kopernik” Elmi Mərkəzində işlənib hazırlanmış elmi təcrübələr spesifik xüsusiyyətlərə malikdir: təhlükəsizdir, xüsusi laboratoriya avadanlıqlarından istifadəyə ehtiyac yoxdur, daha çox məişətdə gündəlik istifadə olunan əşya və məmulatlardan istifadə edilməklə həyata keçirilir, çox az miqdarda vəsait tələb edir, qazanılmış nəzəri bilikləri təcrübədə sınaqdan keçirməyə imkan verir, tam olaraq interaktiv təlim texnalogiyaları prinsipləri əsasında hazırlanmışdır, təlimin keyfiyyətinin yüksəldilməsini təmin edir və ən intizamsız şagirddə də dərsə və elmi tədqiqat işlərinə maraq oyadır, onu yaxşı oxuyan şagirdlər sırasına qata bilir.

“Kopernik” Elmi Mərkəzində işlənib hazırlanmış və “Boloniya prosesi”nin tələbinə uyğun olan bu metodologiyadan hazırda Avropa ölkələrinin təhsil sistemi geniş şəkildə yararlanır və 2009-cu ildən etibarən bu texnologiya Gürcüstan Respublikasında da geniş şəkildə tətbiq olunur.

Layihə Azərbaycanda da həyata keçirilməyə başlamış və birinci mərhələdə “Partners” Fondu (Polşa), “Demokratik İnkişaf Platforması” və “Təhsil Tədqiqatları Mərkəzi” ictimai birliklərinin  “Təbii maraqlı dərs. Azərbaycan istiqaməti” adlı birgə həyata keçirdikləri layihə çərçivəsində  “Kopernik” Elmi Mərkəzinin mütəxəssisləri 11 Azərbaycan müəllimini “Təbii maraqlı dərs” proqramı daxilində təlimçi qismində hazırlamışlar ki, indi həmin mütəxəssislərin köməyi ilə bu metodologiyanın ölkənin ümumi təhsil sistemində yayılması üçün geniş imkanlar var.  Eyni zamanda layihə çərçivəsində fizika, kimya, biologiya müəllimləri üçün metodiki vəsait nəşr edilmiş, www.lesson.org.pl  internet səhifəsinin Azərbaycan dilli bölməsi fəaliyyətə başlayıb.

Avropa ölkələri və  Gürcüstanda geniş yayılmış, eyni zamanda “Partners” Fondu, “Demokratik İnkişaf  Platforması” və “Təhsil Tədqiqatları Mərkəzi”nin birgə layihəsi çərçivəsində Azərbaycanda həyata keçirilmiş “Maraqlı dərs” proqramının davamı olaraq, layihə çərçivəsində  bu metodologiyanın geniş imkanları barədə Goranboy və Tovuz rayonlarının təhsil ictimaiyyəti ilə müzakirələr və televiziya debatlarının keçirilməsi nəzərdə tutulur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı