“Əvvəl quyu ağzında neftin bir bareli 2 dollara başa gəlirdi. İndi artıq bu məbləğ 3 dollar ətrafındadır. Bu il üçün 5 dollara çatacaq”
“Bu günə kimi heç vaxt belə mənzərəni müşahidə etməmişdik”. Bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban prezident İlham Əliyevin bp şirkətinə yönəlik sərt tənqidlərini Modern.az-a şərh edərkən bildirib.
Bp şirkətinin hasilatının azaldığının həqiqətən fakt olduğunu deyən İ.Şaban qeyd edib ki, 2010-cu ildə “Azəri-Çıraq-Günəşli”də, o cümlədən Azərbaycanda neft hasilatı ən pik nöqtəyə çatdı.
“ARDNŞ rəhbərliyinin dediyi kimi, bir daha həmin göstəriciyə nail ola bilməyəcəyik. Azərbaycan üzrə 50,8 milyon ton hasilat olmuşdu. “Azəri-Çıraq-Günəşli”də isə 40,6 milyon ton olub. Yəni bu hasilatda ən yüksək göstərici idi. Bu yataqlarda hasilatın düşməsi isə artıq obyektiv səbəblərdir. Çünki, o yataqlardakı asan çıxarıla bilən neft dövrü arxada qalıb. İndi orada quyuların sulaşması gedir, quyulara daha çox qaz, su vurulur. Çünki, təzyiq də aşağı düşür”-deyə İ.Şaban vurğulayıb.
Ekspert həmçinin son vaxtlar bp şirkətinin neft hasilatı xərclərinin də artdığını bildirib.
“Əvvəl bp şirkərinin “Azəri-Çıraq-Günəşli”də orta istismar xərləci 500 milyondan bir qədər artıq idi. Cari ildə isə bu xərclər 700 milyon dollara yaxındır. Neftin çıxarılma xərcləri bir qədər artır. Artıq 2 milyard bareldən çox neft çıxarılır. Əvvəl quyu ağzında neftin bir bareli 2 dollara başa gəlirdi. İndi artıq bu məbləğ səhv etmirəmsə, 3 dollar ətrafındadır. Bu il üçünsə 5 dollara çatması mümkündür”.
İ. Şabanın fikrincə, “Əsrin müqaviləsi”nin başa çatmasına doğru neftin çıxarılması mürəkkəbləşəcək. Çünki, ona daha çox vəsait xərcləmək tələb olunacaq.
“Bunun müqabilində oradan daha az neft çıxacaq və bu nisbətdə maya dəyəri artacaq. Yəni bunlar sırf iqtisadi baxışdır. Ancaq reallıqda prezidentin əlində olan məlumatları, təbii ki, bunu prezidentin sözçüləri, onun iqtisadiyyata, neftə baxan müşavirləri açıqlamalıdırlar”.
Ekspertin sözlərinə görə, prezidentin çıxışında “cavabdeh olan şəxslərin indiyə kimi cəzalandırılmaması” barədə dediklərinin kimə aid olduğunu da deməyə çətinlik çəkir.
“İstismar, kəşfiyyat və ya başqa bir sahəyə cavabdeh vitse-prezidentlər var. Prezident bp şirkətini nəzərdə tutur, yaxud da orada işləyən servis şirkətləriylə bağlanan müqavilələri? Təbii ki, onlar açıqlanmayıb, ona görə ancaq gümanlarla danışmaq olar” - deyə qeyd edib.
Neft üzrə ekspertin sözlərinə görə “Azəri-Çıraq-Günəşli”də stabilləşmə ancaq 2013-cü ilin dördüncü rübündə, “Qərbi Çıraq” platformasına hasilat başlanan zaman mümkün olacaq.
“Dördüncü rübdən tez orada hasilata başlamaq mümkündürmü? Bu da çətin bir sualdır. Baxaq görək. 2013-cü ilin əvvəlində açıqlanan nəticələrə uyğun nəsə demək olar. 2013-ün yanvarında 2012-ci ilin yanvar ayı ilə müqayisədə hasilatın necə dəyişdiyini izləyə bilsək, o zaman hər hansı müqayisə yerinə yetirilə bilər. Bp-nin artıq platformalarının hamısı təkrarən modernləşdirilib və onların hamısı yüksək səviyyədə hasilatı tam təhlükəsiz aparmağa qadirdir. Belə bir şəraiti olan platformalarda təbii ki yüksək hasilat həyata keçrilməlidir. Bunun nəticəsini birdən-birə görmək olmaz. Müəyyən vaxt lazımdır”-deyə İ.Şaban vurğulayıb.
Sevinc İLTİFATQIZI