Modern.az

Azərbaycanda gizli kəbin kəsmiş mollalar məhkəməyə verilib

Azərbaycanda gizli kəbin kəsmiş mollalar məhkəməyə verilib

Aktual

13 Oktyabr 2012, 09:53

Qafqaz Müsəlmanları İdarəsi rəsmi nikah olmadan kəbin kəsən ruhanilər barədə sərt tədbirlər görür...

 

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bir neçə ildir ki, rəsmi nikah olmadan kəbin kəsdirməyi qadağan edib. Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri Hacı Mirəziz Seyidzadə Modern.az-a bildirib ki, hazırda nikah bağlamayan cütlüyə kəbin kəsən mollalar inzibati işlərə cəlb olunur.

 

“Ruhaninin ixtiyarı yoxdur ki, rəsmi nikah olmadan kəbin kəssin. İndiyə kimi belə hadisələr çox olub, həmin din xadimləri məhkəməyə də veriliblər, cərimələniblər də”.

 

Lakin Hacı Mirəziz Seyidzadə məhkəməyə verilən, cərimələnən mollaların sayını açıqlamaq istəməyib.

 

Hacı Mirəziz Seyidzadənin sözlərinə görə, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi tapşırığına əsasən, heç bir ruhani rəsmi nikahı olmayanlara kəbin kəsə bilməz.

 

“Biz hətta kəbin kağızında VVADQ sənədinin nömrəsi üçün yer də qoymuşuq. Axund həmin sənədin nömrəsini kəbin kağızına köçürməlidir. Hansı tarixdə kəbin kəsilib, o da yazılmalıdır. Belə bir tapşırıqdan sonra qeyri-qanuni kəbin kəsilərsə, axund məsuliyyətə cəlb olunacaq”.

 

“Azərbaycanda kəbini hər yoldan ötən din adamı deyil, ancaq məscid axundu kəsə bilər”, – deyən Hacı Mirəziz Seyidzadə bildirib ki, yalnız QMİ-nin vəsiqə verdiyi axundların kəbin kəsməyə səlahiyyətləri var. 
“Qafqaz Müsəlmanları İdarəsinin vəsiqə vermədiyi şəxslər gizlində hardasa kəbin kəsirlərsə və sübuta yetirilsə ki, kəbini o kəsib, onlar əlbəttə məsuliyyətə cəlb olunacaqlar”.

 

QMİ-nin şöbə müdiri onu da bildirib ki, bər bir valideyn dövlətin qanununu tanımalı, qızını 18 yaşından tez ərə verməkdən çəkinməlidir.

 

”Əgər kimsə qızı qaçırıbsa, hətta razılıqla bunu ediblərsə, yenə də məsuliyyəti onların özləri  daşıyırlar. Burada da yenə tapşırmışıq ki, əgər dövlət nigahı ortada yoxdursa, heç bir molla onlara kəbin kəsməyəcək. Hardasa gizli kəbin olarsa, ona biz məsuliyyət daşımırıq. Ona görə də bu tapşırıqlar verilib”.

 

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı