Modern.az

Cehiz üçün diplom alan qızlar - Deputat problemi şərh edir

Cehiz üçün diplom alan qızlar - Deputat problemi şərh edir

Aktual

13 Oktyabr 2012, 10:30

Statistika göstərir ki, Azərbaycanda ali məktəblərə yüksək balla daxil olanların əksəriyyəti qızlardır. Eyni zamanda onu da qeyd edim ki, magistr təhsili alan tələbələr arasında da qızlar üstünlük təşkil edir. Amma bu, Azərbaycanda elmin inkişafına əhəmiyyətli təsirini göstərmir . Çünki yüksək bal toplamış qızların əksəriyyəti ya ali məktəbdə oxuduqları vaxt, ya da  universiteti bitirdikdən sonra ailə həyatı qurmaları ilə bağlı olaraq elmdən uzaqlaşırlar. Bunun da nəticəsi olaraq elm bir qisim gələcək ziyalısından məhrum olur. Halbuki bu cür yüksək bal toplamış savadlı qızlarla elmin müxtəlif sahələrində xeyli inkişaf əldə etmək olar.

Milli Məclisin Elm və təhsil Komitəsinin üzvü Musa Qasımlı hesab edir ki, bu cür savadlı qızların elmdə itkisinin qarşısını almaq üçün maarifləndirici layihələr irəli sürmək lazımdır.

“Qəti cavab vermək çətindir. Ancaq bu statistika onu göstərir ki, Azərbaycan qızları kifayət qədər istedadlıdırlar. Yəni azərbaycanlı qız harada çalışırsa orada uğurlar əldə edir. Fikrimcə, bu bir örnəkdir, nisbətdir. Ancaq məsələnin başqa bir tərəfi var. Bu gün orta məktəblərdə müəllimlərin içərisində qadınların faizi üstünlük təşkil edir. Bu bizi birinci düşündürməlidir. Və çalışmalyıq ki, pedaqoji universitetlərdə təhsil alan oğlanlar orta məktəblərə getsinlər. O ki qaldı qızlarımızın təhsilini davam etdirməməsinə, bir sıra amillər təsir edir. Hər şeydən əvvəl qız övladına ali təhsil verən valideyn daha çox onun ailə həyatı qurmasını arzu edir. Və beləliklə qızlarımız ailə həyatı qururlar. Çox az sayda qızlarımız karyera barədə düşünürlər. Çünki bəzən karyera ilə ailə həyatını uyğunlaşdırmaq çətin olur. Buna görə də qızlar ali təhsil alan kimi , magistraturanı bitirən kimi ailə həyatı qururlar və elmdən uzaqlaşırlar. Halbuki mən magistrlar və bakalavrlar arasında qızların üstünlük təşkil etdiyini görürəm”.

M. Qasımlının fikrincə, bu cür məsələləri inzibati məsələlərlə həll etmək olmaz. “Elə məsələdir ki, qanunlarla qadağan etmək olmaz. Sadəcə, bundan ötrü qeyri-hökumət təşkilatlarımız qollarını çırmalamalıdır. Çünki qızlarımız kifayət qədər məsuliyyətli və savadlıdırlar”, – deyə millət vəkili qeyd edib .

Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı