Son statistik məlumatlar göstərir ki, hər il Azərbaycanda rus dilində təhsil alan şagirdlərin və rusdilli məktəblərin sayı durmadan azalır. Mütəxəssislər bunu müxtəlif səbəblərlə izah edirlər .
Milli Məclisin Mədəniyyət məsələləri Komitəsinin sədri Nizami Cəfərov bunu rus dilinin Azərbaycanda işçi dil kimi qəbul olunması ilə bağlı olduğunu deyib.
“Azərbaycanın müstəqilləşməsindən sonra dövlət dili Azərbaycan dili oldu. Ona görə də Azərbaycan dilinə maraq artdı. Bu gün Azərbaycan dilini yaxşı bilmədən Azərbaycanda işləmək çətindir. Müstəqillikdən sonra bir ara sürətlə rusdilli məktəblər azaldı. Amma sonradan müəyyən qədər artdı. İnanmıram ki, sürətlə azalma prosesi gedə. Müəyyən hədd var. O həddə qədər gedəcək. Ən azı Azərbaycanda, yəqin ki, rus dilli məktəblərin sayı 10% həddinə çatacaq . İngilisdilli məktəblərin də inkişafı gözlənilir. Amma əsas məsələ odur ki, balansı qoruyaq. O mənada ki, Azərbaycan məktəblərində oxuyan uşaqlar ana dili kimi olmasa da rus, ingilis dilini işçi dil kimi öyrənsinlər”.
Deputat sözügedən məsələ ilə bağlı “Qloballaşma şəraitində zamanıın tələblərinə uyğun olaraq Azərbaycan dilinin və dilçilik elminin inkişafı haqqında Dövlət Proqramı”nın hazırlandığını da bildirib: “Bununla bağlı hazırda dövlət proqramı hazırlanır. Orada da müəyyən reallıqdan irəli gələn və təhsil dilini proqramlaşdıran müəyyən müddəalar var. Sadəcə onu da nəzərdə saxlamalıyıq ki, dövlət dili haqqında qanunumuz, bir sıra tələblər var. Heç bir məcburiyyət yoxdur ki, rusdilli məktəblərin sayı artsın və ya şagirdlər rus dilində təhsil alsın“, – deyə millət vəkili vurğulayıb.
Şahanə Rəhimli