Müharibə şəraitində yaşayan Azərbaycan Respublikası gələn il özünün müdafiə xərclərini artıracaq. Bu barədə Modern.az saytına Nazirlər Kabinetindən məlumat verilib.
Saytımıza verilən məlumata görə, 2013-cü ilin dövlət büdcəsinin gəlirləri 19 milyard, 154 milyon manat, xərclər isə 19 milyard 810 milyon manat proqnozlaşdırılır. Layihədə büdcə kəsiri 656 milyon manat nəzərdə tutulub.
Gələn il büdcədən müdafiə xərcləri üçün 1 milyard 528 milyon 582 min 600 manat ayrılması nəzərdə tutulub.
Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin dövlət büdcəsindən müdafiə xərcləri üçün 1 milyard 407 milyon 312 min 400 manat ayrılmışdı.
Beləliklə, Azərbaycan Respublikası 2013-cü ildə özünün müdafiə xərclərini 8,6 faiz artırmağı planlaşdırıb.
Nazirlər Kabinetindən bildirilib ki, burada məqsəd Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsidir.
Modern.az