
Millət vəkili Qənirə Paşayeva Türkiyənin Karabük vilayətində keçirilən "Erməni soyqırımı iddiaları və XXI yüzildə Qafqazlar" adlı konfransda əsas məruzəçi kimi çıxış edib. Q.Paşayeva çıxışında Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, həmçinin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi barədə tədbir iştirakçılarına geniş məlumatlar verib.
O, eyni zamanda ermənilərin tarixi Azərbaycan torpaqlarına 19-cu əsrdən başlayaraq Rus imperiyası tərəfindən məqsədli şəkildə köçürülməsi, bunun arxasında dayanan maraqlar və buna etiraz edən azərbaycanlılara qarşı edilən təzyiq və təqiblərdən də danışıb. Millət vəkili bildirib ki, bu günkü Ermənistan dövlətinin yerləşdiyi ərazilər tarixi Azərbaycan torpaqlarıdır.
Q.Paşayeva erməni silahlılarının, erməni terror təşkilatlarının 1905-07, 1918-ci illərdə Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, 1948-53-cü ildə yüz minlərlə azərbaycanlının bu günkü Ermənistan ərazisindən – öz ata-baba yurdlarından zorla deportasiya edilmələri, 1988-ci ildə Ermənistan dövlətinin apardığı etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlıların Ermənistandan zorla qovulması və bu gün orada bir nəfər belə olsun azərbaycanlının yaşamaması barədə də ətraflı məlumat verib.
O deyib ki, Ermənistanın Azərbaycan Türklərinə qarşı törətdiyi soyqırımın bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində harada yaşamasından asılı olmayaraq bütün Türklər, Türk dünyası birgə çalışmalı və səylərini daha artırmalıdırlar.
Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayevanın Qarabağın Azərbaycanlı İcmasının üzvü Havva Məmmədova ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş “Hocalı Soykırımı: Tanıkların dilinden” kitabının və Akif Aşırlı ilə birgə yazdığı və Türkiyə türkcəsində çap olunmuş “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabının təqdimatı da keçirilib.
Qənirə Paşayeva Karabük bələdiyyə başqanı Rafet Vergili ilə ayrıca görüş keçirib.
Karabük bələdiyyəsinin başqanı Rafet Vergili Qənirə Paşayevanın Karabük vilayətində Azərbaycanın və Qarabağımızın adını daşıyan park və küçənin açılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifini müsbət qarşılayıb və yaxın zamanlarda bu istiqamətdə işlərə başlanacağını deyib.
Qənirə Paşayeva Rafet Vergiliyə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar, materiallar, filmlər də təqdim edib.
Modern.az