Adı rüşvət qalmaqalında hallanan eks-deputat Gülər Əhmədova ilə bağlı məsələ mətbuatın gündəmində qalmaqda davam edir. Bu dəfə Milli Məclisin sabiq deputatı ilə bağlı Azərbaycan Parlament Jurnalistləri Birliyinin üzvləri “Yeni Müsavat”-la öz təəssüratlarını bölüşüblər.
Azərbaycan Parlament Jurnalistləri Birliyinin sədr müavini, “Ekspress” qəzetinin parlament müxbiri Aqil Aslan bildirir ki, G.Əhmədova Milli Məclisin əvvəlki çağırışlarında fəal deputat olsa da, 2010-cu ildən sonra bu fəallıq hiss olunmayıb. Əvvəl isə deputat həm cari məsələlərin müzakirəsində, həm də qanunların müzakirəsində çox fəallıq göstərib. “Gülər xanım parlamentdə seçicilərin də problemlərini qaldırırdı. Elə bu səbəbdən 2009-cu ildə parlament jurnalistləri onu ilin fəal deputatı seçmişdik. İndi bəzi həmkarlar bu addımımızı tənqid edirlər. Ancaq bu, rəy sorğusunun nəticəsi idi və deputatın fəaliyyətinə jurnalistlərin verdiyi qiymət idi. Qurumdakı əksər jurnalistlər ona səs vermişdilər”.
“525-ci qəzet”in parlament müxbiri Kamil Həmzəoğlu isə qeyd edir ki, G.Əhmədova 2005-ci ilə qədər çox fəal deputat kimi fəaliyyət göstərib: “O, çıxışlarında bir çoxundan fərqli olaraq hökumət nümayəndələrinin və qurumlarının ünvanına kəskin ifadələr, tənqidlər səsləndirirdi. Ancaq 2005-ci ildən sonra onun o qədər də aktiv olmasını xatırlamıram. Bir neçə dəfə çıxış etdi, o da əsasən uşaq hüquqları barədə”.
“Mediaforum” saytının müxbiri İmdad Əlizadənin sözlərinə görə isə G.Əhmədova hakim YAP-ın az sayda parlamentdə sözünü deyən nümayəndələrindən olub: “Ümumilikdə götürəndə, Azərbaycan parlamenti klassik, azad, demokratik ölkələrdə olan parlamentlərin tələblərinə cavab vermir. Səbəb budur ki, deputatların əksəriyyəti xalqın dəstəyi, səsi ilə seçilmir və sonrakı dövrdə xalqın qarşısında özlərini məsuliyyətli hesab etmir. Parlamentin fəaliyyətini, cəmiyyətdə oynadığı rolu heçə endirirlər. Deputatlar arasında deputat olmağa layiq olmayan kifayət qədər insanlar var. Bununla yanaşı, parlamentdə həmişə problemləri qabardan, önə çıxaran deputatlar da olub ki, Gülər Əhmədova da həmin sıradadır. O, daim müxtəlif qurumları, təşkilatları fəaliyyətsizlikdə, hansısa nöqsanların olmasında ittiham edib, ciddi tənqidlər səsləndirib. YAP-ın tək-tük deputatlarından idi ki, dövlətin müxtəlif qurumlarını tənqid edirdi. Gülər Əhmədova parlamentdə daim susan deputatlardan olmayıb. O, jurnalistlərə də açıq olub. Ümumilikdə onu sözünü birbaşa deyən deputat kimi xatırlayıram”.
Qeyd edək ki, G.Əhmədovanın deputat olduğu illər ərzində dəfələrlə aparılan jurnalist sorğuları nəticəsində o, fəal, cəsarətli deputat obrazı yaradıb. Görünür, bu onun özünü olduğundan daha yüksək təqdim etməyi bacarmaq məharətinin yüksək olmasının nəticəsidir. Eyni zamanda onun daim müxtəlif qurumları tənqid etməsi həm də özünün və təmsil olunduğu qruplaşmanın maraqlarına uyğun imiş.