Modern.az

Alpinistlər media qarşısına çıxdılar - FOTO

Alpinistlər media qarşısına çıxdılar - FOTO

Aktual

15 Oktyabr 2012, 11:46


Azərbaycan Alpinizm Federasiyası (AAF) Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirib. Tədbirdə media nümayəndələri, idmançılar və digər qonaqlar iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd, 5-7 oktyabr tarixlərində Beşbarmaq dağ massivində mərhum alpinist Akif Rüstəmovun xatirəsinə keçirilmiş Qayayadırmanma üzrə açıq Kubokun qaliblərinin mükafatlandırılması, “Mehriban dağlar” xeyriyyə layihəsinin icrası barədə məlumat və digər məsələlərin müzakirəsi idi.

AAF Rəyasət heyətinin üzvü Nizami Mursaqulov 5-7 oktyabr tarixində Beşbarmaq dağ massivində mərhum alpinist Akif Rüstəmovun xatirəsinə keçirilmiş Qayayadırmanma üzrə açıq Kubok barədə danışıb.
Sonra çıxış edən AAF mətbuat xidmətinin rəhbəri Əvəz Qurbanlı AAF-nın həyata keçirdiyi “Mehriban dağlar” xeyriyyə layihəsi barədə məlumat verib. Bildirib ki, sözügedən xeyriyyə layihəsinin məqsədi yardıma ehtiyacı olanlara kömək etməkdir.

AAF-nın vitse-prezidenti Səridan Mursaqulova Azərbaycan alpinizminin tarixindən, əldə olunan nailiyyətlərdən danışıb. Sonra o, Beşbarmaqda keçirilən Kubokun qaliblərini mükafatlandırmaq üçün mərhum alpinist Akif Rüstəmovun qızı Esmira xanımı dəvət edib.

Qaliblər mükafatlandırıldıqdan sonra yarışların baş hakimi Yaqub Əsədov tribunaya dəvət olunub. Baş hakim, kubok yarışlarının kifayət qədər uğurlu keçməsinə diqqət çəkib. Sonra yarışın gedişatı, mərhələlər barədə məlumat verib. Bidirib ki, təbii qayalara dırmanma, süni qayalara dırmanmaqdan fərqli və çətindir. Y.Əsədov onu da vurğulayıb ki, yarışların marşrutlarının hazırlanmasında rusiyalı mütəxəssislər iştirak ediblər. O da qeyd olunub ki, Beşbarmaqda keçirilən Kuboku məşhur alpinist Sergey Kafanov da izləyib.

AAF Rəyasət heyətinin üzvü Nizami Mursaqulov alpinizm sənəntinin mahiyyəti barədə tədbir iştirakçılarına əlavə məlumat verib. O, qeyd edib ki, Azərbaycan müharibə şəraitində yaşadığından alpinizm idman növü bizim üçün çox aktualdır:

“Döyüş dağlıq ərazilərdə gedirsə, təbii ki, burada üstünlük, daha yüksək mövqeyə malik olan tərəfdə olur. Yüksəkliklərin alınmasında da alpinistlərin rolu çox böyükdür. Biz çox istərdik ki, bu idman növü ölkəmizdə geniş yayılsın, əsgərlərimiz alpinizmin sirlərinə dərindən yiyələnsinlər ki, hərbi mövqelərimiz də güclənsin”.

Tədbirin sonunda Akif Rüstəmovun qızı Esmira Rüstəmova, göstərdikləri təşəbbüsə görə təşkilatçılara dərin minnətdarlığını bildirib.

5-7 oktyabr tarixlərində Beşbarmaq dağ massivində mərhum alpinist Akif Rüstəmovun xatirəsinə keçirilmiş Qayayadırmanma üzrə açıq Kubok 3 mərhələdən ibarət olub: boldrinq, cütlüklərin yarışı və mürəkkəb dırmanma.

Kişilər arasında boldrinq mərhələsinin qalib üçlüyü Qasımov Oqtay, Şirəliyev Mövsüm, Abdullayev Əli olub. Kişilərin cütlük yarışında Şirəliyev Mövsüm, Şıhrəhimov Qalib və Abdullayev Əli, mürəkkəb dırmanmada isə Teleqin Sergey, Qasımov Oqtay və Abdullayev Əli qalib gəliblər. Kişilər arasında ümumilikdə ilk üç nəticəni Şirəliyev Mövsüm, Qasımov Oqtay və Abdullayev Əli göstəriblər.

Qadınlar arasında boldrinq mərhələsində ilk üç yeri müvafiq olaraq Şianova Evgeniya, Manuilova Nadejda və Naxmetova Səbinə tutublar. Cütlük yarışının qadın qalibləri Şianova Evgeniya, Manuilova Nadejda və Safranova Yelena olub. Qadınlar arasında mürəkkəb dırmanma yarışında isə Şianova Evgeniya, Maşkova Yana və Manuilova Nadejda qalib gəliblər. Qadınlar arasında ümumi hesabda Şianova Evgeniya, Manuilova Nadejda və Maşkova Yana qalib kimi müəyyənləşib.

Komandaların yarışında Dağçılıq İdman Klubu (DİK) qələbə qazanıb. 1-ci və 2-ci yerləri DİK, 3-cü yeri isə Zirvə komandası tutub.

Azərbaycan Alpinizm Federasiyasının həyata keçirdiyi Mehriban dağlar” xeyriyyə layihəsinin icrasında 3 şəxsə yardım ediləcək:

Nuran Hüseynova - xeyriyyə proqramlarının aparıcısına. Onun sayəsində çoxlu sayda insan kömək və dəstək almışdır. Bu gün Nuran özü limfoqranulematoz xəstəliyinə tutulmuşdur. Onun uzunmüddətli və bahalı müalicəyə ehtiyacı vardır. Hal-hazırda Nuran Hüseynovun ikinci sikl müalicəsi üçün vəsaitlərin toplanması gedir.

Aleksandr Hakimova – Azərbaycan jurnalisti və yazıçısı. Onun da ağır xəstə olması, yardıma ehtiyacı olduğu barədə mətbuatdan məlumat alınıb.

Nuqzar Nuqurianiyə – Svanetidən (Gürcüstan) alpinizm üzrə instruktor-təlimatçıya. Nuqzar Nuquriani uzun illər ərzində Aylama alpinist düşərgəsində təlimatçı olub. O, Azərbaycan alpinistlərinin təlimatçılarından olub. Dağlarda baş vermiş bədbəxt hadisə nəticəsində onun ayağını kəsiblər. Daha sonra isə o, gözlərindən məhrum olub. Hal-hazırda onun üçün protez hazırlanmasına vəsait toplanır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı