“Gürcü arzusu”ndan olan deputat İsa Qəmbərə “yox” dedi
Gürcüstanın yeni hakimiyyəti Müsavat Partiyasına qurultay keçirmək üçün icazə verməyəcək. Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentinə müxalifətdən seçilən azərbaycanlı deputat Əli Məmmədov bildirib. Deputat özünün də Müsavat Partiyasının qurultayının Gürcüstanda keçirilməsinə qarşı olduğunu bildirib. Onun sözlərinə görə, rəsmi Tiflis buna imkan verməməlidir.
“Mən Müsavat Partiyasının Gürcüstanda qurultay keçirmək istəyinin əleyhinəyəm. Hesab edirəm ki, onlara Gürcüstanda yer verilməməlidir. Biz Azərbaycan hakimiyyəti ilə çox gözəl münasibətlərə malikik. Müsavat Partiyasına gəlincə, qeyd edim ki, belə bir təklif gəlsə, biz buna icazə verməməliyik”, -deyə deputat vurğulayıb.
Müsavat funksionerləri partiyanın səkkizinci qurultayının Gürcüstanda keçirilməsi ilə bağlı təklif irəli sürmüşdülər. Partiya rəsmiləri hazırda Gürcüstanda parlament seçkilərində qalib gələrək hakimiyyətə keçən Respublika Partiyası ilə danışıqlara başlamışdılar.
Anar RÜSTƏMOV