Modern.az

İlyas İsmayılov parlamentdə dustaqları müdafiə etdi

İlyas İsmayılov parlamentdə dustaqları müdafiə etdi

Aktual

16 Oktyabr 2012, 18:00

“Məhbuslar cəzalarını mümkün qədər ailələrinə yaxın yerlərdə çəkməli və onlarla daha tez-tez təmasda olmalıdırlar”

Milli Məclisin bu gün keçirilən iclasında digər məsələlərlə yanaşı “Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi də müzakirə edilib. Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov da müzakirələrə qatılıb. Modern.az xəbər verir ki, İ.İsmayılov  təqdim olunan qanun layihəsi barədə danışmazdan əvvəl oradakı məqamlarla birbaşa bağlı olan ümumi xarakterli fikirlər də səsləndirib:

“Birincisi, vaxtilə Dostoyevski qeyd edirdi ki, məhbus özü  məhbus olduğunu çox yaxşı bilir. Siz onunla məhbus kimi yox, insan kimi rəftar edin ki, o da insan olduğunu unutmasın. Başqa bir müdrik də deyirdi ki, cinayətkarlarda cəmiyyətin ürəyi döyünən canlı bir hissəsini, vətəni müdafiə edəcək əsgəri, ictimai funksiyaları həyata keçirəcək fərdi, ailə başçısını və nəhayət, ən başlıcası – dövlətin vətəndaşını görmək gərəkdir. Məhz ona görə düşünürəm ki, cinayətkarlara münasibət təkcə onların törətdikləri əməllərlə deyil, habelə dövlətin ruhu, mahiyyəti və vətəndaş cəmiyyətinin mənəviyyatı ilə müəyyən olunmalıdır.

İkincisi, cinayətkarlıqla mübarizə siyasətinin digər tələbi bundan ibarətdir ki, azadlıqdan məhrum edilərək cəmiyyətdən tədric olunmuş insanların islah olunub normal vəziyyətdə cəmiyyətə qayıtmaları üçün onların cəmiyyətlə əlaqələri kəsilməməli, daha da genişləndirilməlidir. Əks halda onlar insani keyfiyyətlərini itirər, bir növ vəhşiləşə bilərlər. Odur ki, onlar cəzalarını mümkün qədər ailələrinə yaxın yerlərdə çəkməli və onlarla daha tez-tez təmasda olmalıdırlar. Azadlıqdan məhrum edilmə yerlərinin də bütün fəaliyyəti sovet dönəmində olduğu kimi təsərrüfat maraqlarına deyil, cəzanın məqsədlərinin əldə edilməsinə yönəlməlidir. Yeri gəlmişkən qeyd etməliyəm ki, sovet dönəmində Cənubi Qafqaz və Orta Asiya respublikalarından təxminən 50 minə yaxın məhbus ağac kəsmək üçün Arxangelsk və Sibirin digər vilayətlərinə göndərilmişdi. Bu da tamamilə səhv siyasət idi”.

Millət vəkili bundan sonra layihədəki konkret dəyişikliklərə münasibət bildirib: “Məcəllənin qüvvədə olan 84-cü maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə bir dəfə, ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş şəxslər isə ayda iki dəfə - müddəti on beş dəqiqə olmaqla -  telefonla danışmaq hüququna malikdirlər. Təklif olunan mətndə isə bu müddət müvafiq olaraq həftədə iki dəfə və həftədə bir dəfəyə qədər artırılır ki, bu da yuxarıda söylədiyimiz fikirlər baxımından tamamilə təqdirəlayiqdir.

Bu maddəyə ikinci dəyişiklik isə məhkumların telefon danışıqlarına nəzarətlə bağlıdır. Qüvvədə olan maddəyə görə, bu danışıqlara bütün hallarda nəzarət edilir. Təklif olunan mətndə isə ancaq konkret sadalanan hallarda və cəzaçəkmə müəssisəsinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhkumların telefon danışıqlarına nəzarət edilir ki, bunu da müsbət hal hesab edirəm.

Məcəllənin qüvvədə olan 122-ci maddəsinin 122.2.4 bəndində də ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər il ərzində iki dəfə telefonla danışmaq hüququna malikdirlər. Təklif olunan mətndə isə bu müddət iki dəfə artırılır və bu məhkumlar ildə dörd dəfə telefonla danışa bilərlər.

Lakin Məcəllənin 84-cü və 122-ci maddələri arasında ziddiyyət  də nəzəri cəlb edir. Belə ki, hər iki maddədə ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin telefonla danışmaq hüquqları müxtəlif müəyyən edilmişdir – 84-cü maddədə ayda iki dəfə, 122-ci maddədə isə ildə iki dəfə. Dəyişikliklərdə də bu müddətlər qeyd olunduğu kimi artırılır.

Nə üçün belə zidd müddəalar mövcuddur? Bunu nəzərə almaq lazımdır.

Sonrakı dəyişikliklər də inzibati xarakterli hərbi hissədə məhkumların telefon danışıqları ilə bağlıdır. Burada da telefon danışıqları ildə on iki dəfədən ayda iki dəfəyə qədər, yəni iki dəfə artırılır ki, bunu da müsbət dəyişiklik hesab edir və bütövlükdə bu layihəni müdafiə etdiyimi bildirirəm”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı