“Dəfələrlə qeyd etməyimizə baxmayaraq çörək məmulatları bu məmulatlar üçun nəzərdə tutulmuş xüsusi maşınlarda deyil, minik avtomobillərinin salonlarında və yük yerlərində gigiyenik normalar gözlənilmədən daşınır”.
Modern.az xəbər verir ki, bu sözləri Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib. Onun sözlərinə görə, dörd ay ərzində 114 çörək məmulatları istehsalı ilə məşğul olan təsərrüfat subyektində dövlət nəzarəti həyata keçirilib, 84 müəssisədə nöqsanlar aşkar edilərək qanuna müvafiq tədbirlər görülüb, 58 müəssisədə çörəyin istehsalına və satışına qadağalar qoyulub.
Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Mənsim Babayev bildirib ki, son 4 ay ərzində Ərzaq məhsullarının keyfiyyətinə nəzarət şöbəsi və ərazi idarələri tərəfindən ümumilikdə 114 çörək istehsalı ilə məşğul olan təsərrüfat subyektində yoxlamalar aparılıb:
“Ərzaq məhsullarının keyfiyyətinə nəzarət şöbəsi tərəfindən 12, Lənkəran Ərazi İdarəsi tərəfindən 22, Salyan Ərazi İdarəsi tərəfindən 10, Sumqayıt Ərazi İdarəsi tərəfindən 17, Yevlax Ərazi İdarəsi tərəfindən 12, Gəncə Ərazi İdarəsi tərəfindən 29, Şəki Ərazi İdarəsi tərəfindən 8 və Xaçmaz Ərazi İdarəsi tərəfindən 4 müəssisədə yoxlamalar aparılıb, aparılmış yoxlamaların nəticəsi olaraq ciddi nöqsanlara yol verən 58 müəssisəyə müvafiq tələbnamələr verilməklə məhsul istehsalı və satışı qadağan edilib, bununla yanaşı 84 müəssisəyə aşkar olunan nöqsanların müəyyən olunmuş müddətdə aradan qaldırılması barədə iradnamə verilib, 15 təsərrüfat subyektinə İnzibati Xətalar Məcəlləsinin istehlakçı hüquqlarının pozulmasına görə inzibati protokol tərtib edilərək 28000 manat məbləğində cərimə tətbiq edilib”.
Sevinc İltifatqızı