Milli Məclisin bugünkü iclasında dövlət büdcəsi ilə bağlı müzakirələrə qatılan hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxışında vətəndaşların mənzillə təmin olunması üçün sosial evlərin tikilməsini təklif edib.
Modern.az-ın məlumatına görə, deputat sosial evlərin tikilməsi üçün dövlət şirkətinin yaradılmasını təklif edib. M. Qurbanının sözlərinə görə, dövlət büdcəsindən ayrılan vəsait hesabına şirkətin tikdiyi evlər vətəndaşlara uzun müddətə aşağı qiymətlərlə icarəyə verilə bilər.
Deputat həmçinin qeyd edib ki, gənclər üçün mənzil ipoteka kreditləri artırılmalı və bank faizləri aşağı salınmalıdır. YAP-çı deputatın fikrincə, ölkədəkli mənzil məsələsinin həll olunmasına dövlət büdcəsi imkan verir və gələcəkdə bu təklif müzakirəyə çıxarılmaldır.
Daha sonra rayonlarda aparılan abadlıq-quruculuq işlərinə toxunan millət vəkili bildirib ki, bir çox hallarda ehtiyac olmadan tikinti işləri aparılır.
“Rayonlara təyin olunan yeni icra başçıları görürsən ki, bir çox obyektlərin formasını şəxsi istəyinə görə, dəyişir. Bunun qarşısı alınmalıdır. Bir çox hallarda yersiz hasarlanma işləri aparılır. Məncə, bir çox halda buna ehtiyac yoxdur”, – deyə millət vəkili vurğulayıb.
Modern.az