“2009-cu ildə Şəmkir rayonunun Nərimanlı kənd bələdiyyəsinin sədri Şöhrət Qarayevin qanunsuz hərəkətləri ilə bağlı müvafiq instansiyalara etdiyim müraciətdən sonra o, mənimlə ədavət aparır. Hazırda mən həmin kənddə deyil, Bakı şəhərində yaşadığıma görə o, Nərimanlıda yaşayan qardaşımın ailəsinə təzyiqlər edir”.
Bu sözləri «Qərbi Azərbaycan press» qəzetinin təsisçisi Mürvət Ömrü oğlu Yusifli Modern.az saytına göndərdiyi məktubunda yazıb.
Onun sözlərinə görə, belə basqılardan biri də 11 noyabr 2012-ci il tarixində baş verib.
“Qardaşımın yoldaşı Gülabatın Yusifova, oğlu və içində kənd camaatının da olduğu avtobus rayondan kəndə gedirmiş. Döngələrin birində bələdiyyə sədri Şöhrət Qarayevin qızının həyat yoldaşı Hümmətin idarə etdiyi və üstündə odunla dolu olan maşınla üz-üzə gəliblər. Həmin maşının əyləci olmadığından sürücü Hümmət onu idarə etməkdə çətinliklə rastlaşıb və avtobusun aşmaq təhlükəsi yaranıb. Hümmətin üstündə sürücülük vəsiqəsi də olmayıb.
Avtobusdakılar ona hamını təhlükə qarşısında qoyduğunu deyəndə, avtobusun adamları bir tərəfdə qalıb, o, qardaşımın yoldaşının və oğlunun üstünə hücum çəkib. Sonradan kəndə xəbər verib və qardaşı İsmət, o cümlədən Şöhrət Qarayevin oğlu Röyal “Niva” markalı maşınla avtobus dayanan yerə gəliblər. Lakin sürücü qardaşımın ailəsini düz evlərinə qədər aparıb. Az keçməmiş həmin insanlar əllərində balta, bel, yaba, dəmir, daşlarla qardaşımın evinə hücum ediblər. Qardaşımın yoldaşını və oğlunu döyüblər, müxtəlif bədən xəsarətləri yetiriblər. Bu haqda kəndin sahə müvəkkilinə, rayon polisinə xəbər verilib. Lakin həmişəki kimi şikayətimizə baxmırlar. Çünki ortada bələdiyyə sədri Şöhrət Qarayev var. O, imkanlarından istifadə edir və şikayətlərimiz kağız üzərində qalır”.
Mürvət Ömrü oğlu Yusifli deyir ki, bu hərəkətlərin qarşısı alınmadığından bələdiyyə sədrinin ayağı yer alır.
“2012-ci ilin iyun ayında o, Şəmkir rayon sakinini tapanca ilə hədələmişdi. Bu barədə Şəmkir Rayon Polis Şöbəsinə və əlaqədar orqanlara məlumat veriblər. Şəmkir rayonundan mayor rütbəli Fəxri adlı birpolis əməkdaşı onu saxlayıb. Amma o, yenə də öz hərəkətlərinə davam etməkdədir. Maraqlıdır ki, Şəmkir rayonunda əlaqədar qurumlar, vəzifəli şəxslər nə üçün belə bir adama yaşıl işıq yandırırlar? Bu kimdir axı? Zamanında bir traktorçu olmuş adam indi bələdiyyə rəisidir. Kəndi də bir-birinə qatıb. Təsəvvur edin ki, bunun oğlu və yeznəsi odunla dolu yüklu maşını avtobusun üzərinə sürür. Həmin avtobusun aşma təhlükəsi yaranır. Amma camaat şikayət edə bilmir, çünki dəfələrlə onunla kənd sakinləri arasında davalar olub, amma həmin döyülən sakinlər hökumət adamları tərəfindən həm döyülüblər, həm də cəzalandırıblar. Bu qədər harınlğa nəyə və kimə görə göz yumulur? Bu adamla mənim iki-üç il bundan qabaq bir torpaq planı məsələsi var idi. Biz bir yerdə olduq. Mənim yanımda bu adam Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 15 deputatın adından istifadə etdi. Dedi ki, “mən onlarla şərikəm”. Məncə ortada rüşvət faktorları var. Sizdən xahişimiz odur ki, bu insanların qanun qarşısında cavab verməsi üçün əlinizdən gələn köməkliyi edib, məsələni ictimailəşdirəsiniz”-deyə “Qərbi Azərbaycan press” qəzetinin təsisçisi Mürvət Ömrü oğlu Yusifli yazır...
Modern.az qarşı tərəfin də mövqeyni dərc etməyə hazırdır.