Modern.az

Azərbaycan Uruqvaya nota verdi

Azərbaycan Uruqvaya nota verdi

Aktual

16 Noyabr 2012, 16:32

Azərbaycan Respublikasının Argentinadakı Səfirliyi (eyni zamanda Uruqvay Respublikasında akkreditə olunub) Uruqvay Nümayəndələr Palatasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar Uruqvay Respublikasının Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Notada uruqvaylı parlamentarilərin bu səfərinin qeyri-qanuni olduğu bildirilib və onların səfər zamanı keçirdikləri görüşlərin və açıqlamaların Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı hörmətsizlik olduğu vurğulanıb. Həmçinin qeyd edilib ki, məsuliyyətsizlik və etinasızlıq nümayiş etdirən bu qanunsuz səfər münaqişənin sülh yolu ilə həlli prosesinə xələl gətirir. 

Notada bildirilib ki, səfərdən öncə Azərbaycan Respublikasının səfiri və Uruqvay Nümayəndələr Palatasının sədri Xorxe Orriko arasında keçirilmiş görüşdə Uruqvay Nümayəndələr Palatasının sədri Azərbaycan səfirini əmin edib ki, regiona səfəri zamanı Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməyəcəkdir.   

Səfirlik bir daha Uruqvay tərəfinə xatırladıb ki,  Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın torpaqlarının 20%, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunmuş, 1 milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi və mədəni irs dağıdılmış və məhv edilib. BMT-nin Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı, Baş Assambleyası isə 62/243 saylı qətnamələrlə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yuvalarına qaytarılmasını tələb edib. Bu mövqe bir sıra beynəlxalq və regional təşkilatların, o cümlədən ATƏT, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Qoşulmama Hərəkatının qəbul etdikləri çoxsaylı qətnamə və sənədlərdə də öz əksini tapıb.   

Qeyd olunanları nəzərə alaraq, səfirlik Uruqvay XİN-dən baş vermiş insidentin araşdırılmasını və məsələyə münasibət bildirilməsini xahiş edib.   

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı