Mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunması ilə bağlı məhkəmə ekspertizası baş tutmayıb.
Ekspertiza keçirilməsi qərarını torpaq sahəsi zəbt olunmuş ailənin verdiyi şikayəti araşdıran Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov oktyabrın 24-də çıxarıb. Hakim ekspertizanın aparılmasını Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edib.
Ağa Laçınlının ailəsinə məxsus olan, Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunub. Hakim Nurəddin Bağırov öz qərarında tikinti-texniki ekspertizası zamanı bunun araşdırılmasını və məhkəməyə müvafiq rəy verilməsini tapşırıb.
Hakimin qərarına uyğun olaraq noyabrın 20-si saat 16-da Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin mütəxəssisi, Ağa Laçınlının ailəsinin və sabiq icra başçısının nümayəndələri Badamdar qəsəbəsində, torpaq sahəsi yerləşən ərazidə toplaşıblar. Lakin bəlli olub ki, ekspertiza keçirmək mümkün olmayacaq, çünki Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin mütəxəssisi ekspertiza üçün zəruri olan avadanlığı özü ilə gətirməyib. O bunu bilərəkdən etmədiyini söyləyib, avadanlıqsız gəlməsini hakimin məsələ ilə bağlı ona gec məlumat verməsi ilə əlaqələndirib. Nəticədə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tikinti-texniki ekspertizasını başqa vaxta keçirmək məcburiyyətində qalıb. O, ekspertizanın yeni vaxtı barədə tərəfləri məlumatlandıracağını vurğulayıb.
Ekspert rəyi alınandan sonra Səbail Rayon Məhkəməsində məhkəmə prosesi davam etdiriləcək.