Həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Avropa Məhkəməsinə üçüncü müraciətini göndərməyib. Eks-nazirin vəkili Elton Quliyev Modern.az-a açıqlamasında bildirib ki, Fərhad Əliyev bundan öncə iki dəfə Avropa Məhkəməsinə müraciət edib. Amma növbəti dəfə Avropa Məhkəməsinə müraciəti barədə hələki heç nə məlum deyil. Onun sözlərinə görə, yeni heç bir məlumat yoxdur. Odur ki, Avropa Məhkəməsinə üçüncü dəfə müraciətin olub-olmamsı ilə bağlı da heç nə deyə bilməz.
“Fərhad Əliyevlə də görüşməmişəm. Yeni heç bir şey yoxdur. Avropa Məhkəməsinə də müraciət haqqında heç bir şey məlum deyil. Bu barədə heç nə deyə bilmərəm”.
Qeyd edək ki, bir müddət öncə E.Quliyev eks-nazirin Avropa Məhkəməsinə üçüncü müraciətinin hazırlandığını və noyabr ayına tam hazır olacağını söyləmişdi.
Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.
2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Gültəkin Ələsgər