Modern.az

Bakıda uşaq hüquqlarına dair konfransda: “Hələ də elə uşaqlar var ki..."

Bakıda uşaq hüquqlarına dair konfransda: “Hələ də elə uşaqlar var ki..."

Aktual

27 Noyabr 2012, 12:59

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, UNİCEF və World Vision Azərbaycan təşkilatı ilə birlikdə BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan hökumətinə verdiyi yekun tövsiyələri ilə bağlı “BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycanda uşaqların vəziyyətinin yaxşılaşdırılması və uşaq problemlərinin həllinə dair yekun tövsiyələri” mövzusunda konfrans keçirib.

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Uşaq hüquqları üzrə QHT Alyansının İdarə heyətinin sədri Nazir Quliyev prosedura uyğun olaraq, BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycanda Uşaq Hüquqları Konvensiyasının icrası vəziyyəti və uşaq hüquqlarının qorunması məsələləri ilə bağlı Uşaq Hüquqları üzrə QHT Alyansının alternativ hesabatını 2011-ci ilin iyun ayında Cenevrə şəhərində müzakirə etdiyini deyib. N. Quliyev bildirib ki, 16-19 yanvar 2012-ci il tarixində isə BMT-nin Uşaq Hüquqları Komitəsi Azərbaycan hökumətinin hesabatını müzakirəyə çıxarıb. BMT-nin Komitəsi ilə müzakirələr ölkə prezidenti İlham Əliyev tərəfindən 24 noyabr 2011-ci il tarixində imzalanmış sərəncamla təsdiq olunmuş nümayəndə heyəti tərəfindən aparılıb.

Prezident Aparatının nümayəndəsi Vüsal Quliyev konfransın işinə uğurlar arzu etdiyini bildirib. V. Quliyev alternativ hesabatın çox yaxşı olacağını deyib.

UNİCEF-in Azərbaycan ofisinin rəhbəri Mark Herevard bildirib ki, biz uşaqlara qarşı olan diskriminasiyanı aradan qaldırmalıyıq. UNİCEF rəhbəri bununla bağlı Konvensiya imzalananda, Azərbaycanın onu ratifikasiya edən ilk ölkələrdən biri olduğunu deyib. “Bu konvensiyaya görə, uşaqlara yazıq kimi deyil, onlarında hüquqları olan bir şəxs kimi baxmalıyıq. Hazırda bəzi uşaqlar var ki, təhsildən uzaqdırlar. Bununla bağlı BMT-nin verdiyi qərarlara, tövsiyələrə qarşı ehtiramlı yanaşmaq lazımdır. Şadam ki, Azərbaycan hər zaman bu tövsiyələri qəbul edir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsinin sektor müdiri Vüqar Salmanov xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbirlərin yaxşı olduğunu deyib. ƏƏSMN sektor müdiri bildirib ki, İnkişaf etmiş ölkələrdəki nümunələr göstərir ki, dövlət və QHT bu sahədə birgə iş apararlarsa, iş bir o qədər keyfiyyətli olar.

Dünyaya Baxış Təşkilatının Azərbaycan ofisinin rəhbəri Georgi Devidze çıxışında bildirib ki, birgə əməkdaşlıq nəticəsində qarşıda duran problemləri həll edəcəyik. “Konfranslarda, Təlimlərdə və s. əldə olunmuş təcrübəni dövlətə və hökumətə təqdim olunması üçün işlər görülməlidir”

Təhsil Nazirliyi, Avropa İttifaqının və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də öz çıxışlarında bu sahədə görülən işlərdən danışıblar.

Qeyd edək ki, Azərbaycan hökuməti 1992-ci ildən BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub və icrasına dair öhdəliklər götürüb. Konvensiyaya uyğun olaraq Azərbaycan hökuməti ölkədə Konvensiyasının icrası vəziyyəti və uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərlə bağlı hər 5 ildən bir BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat təqdim edir. Eyni zamanda QHT-lər Konvensiyaya uyğun olaraq BMT-nin Uşaq Hüquqları Komitəsinə alternativ QHT hesabatını təqdim edir. 2011-ci il Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının və 2012-ci il yanvar ayında Hökumətin təqdim etdiyi hesabatın Cenevrə müzakirəsindən sonra BMT-nin Uşaq Hüquqları Komitəsi fevral ayında Azərbaycana uşaq hüquqlarının müxtəlif sahələri üzrə təklif və tövsiyələrini göndərmiş və dövlətin Konvensiyada nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə yönəlmiş fəaliyyətini daha da gücləndirməyi çağırıb.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı