Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat üzrə keçmiş müşaviri Bülənt Uğur Türk dövlətlərinin ortaq səsi, eyni zamanda ilk və tək musiqi kanalı olan TMB kanalına icraçı direktor təyin edilib. Bu barədə Modern.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
2005-2010-cu illər arasında Bakıdakı vəzifəsini icra edən Bülənt Uğur, 1996-2005-ci illər arasında isə Türkiyədə Mətbuat Yayım İnformasiya İdarəsinin İstanbul şöbəsinin müdiri olaraq çalışıb. Kanalın daha çox tanıdılması istiqamətində aparılan yeni struktur islahatları çərçivəsində TMB kanalının başına gətirilən Bülənt Uğur, vəzifəsini kanalın mərkəzi olan İstanbulda icra edəcək.
Yeni yayım dönəmində kanalın daha çox tanıdılmasına üstünlük verən TMB kanalı fərqli programlarla bütün Türk dünyasına səslənəcək. Bu baxımdan ilk olaraq TMB kanalında Azərbaycanın tanınmış sənətçisi Brilliant Dadaşova ilə 4 dekabr 2012-ci ildən etibarən “Brilliant ilə Pırlantalı Gecələr” adlı yeni bir veriliş ekranlara çıxacaq. Ən az bir sənətçi qonağın da dəvət ediləcəyi bu dinamik proqramda tamaşaçıya musiqili-əyləncəli dəqiqələr yaşadılacaq.
Modern.az