Bu gün “2012-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, Bakı şəhərində Əlillərin VIII Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi öz işinə başlayıb. Üç gün davam edəcək tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və nazirliyin məsul şəxsləri, millət vəkili Qənirə Paşayeva, Bakı şəhər İH başçısının müavini Fidumə Hüseynova, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, əlil ictimai təşkilatlarının rəhbərləri, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, KİV-təmsilçiləri və b. iştirak edib.
Təhsil, mədəniyyət və turizm nazirlikləri, habelə Rəssamlar İttifaqı ilə sıx əməkdaşlıq şəraitində təşkil edilən sərgi-müsabiqədə respublikanın bütün bölgələri təmsil olunmaqla 125 nəfər əlilliyi olan şəxsin və 20 nəfər sağlamlıq imkanları məhdud uşağın ümumilikdə 500-ə yaxın əl işi (rəsm, toxuma, hörmə, bədii tikmə, ağac üzərində iş, dulusçuluq və s.) təqdim olunacaq. Onlardan 73 nəfərini qadınlar təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq sərəncamına əsasən, sərgi müsabiqənin qalibləri, habelə sərgidə əl işi ilə fərqlənən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün mükafatlar, mükafat almayan hər bir iştirakçıya maddi yardım verilməsi nəzərdə tutulub.
Şahanə Rəhimli