Əlil - anadangəlmə, xəstəlik və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Bu ilin iyun ayına olan rəsmi statistikaya əsasən hal-hazırda Azərbaycanda 506 127 nəfər (ümumi əhalinin 5,5%) əlil siyahıya alınıb. Lakin bu da dəqiq say deyil. Çünki əlillik dərəcəsi almayan və ya almaqda çətinlik çəkən insanlar var. 104 043 nəfər əlil dövlətdən sosial müavinət almaqdadır. Dövlət tərəfindən həyata keçirilən bir sıra tədbirlər nəticəsində əlil insanlar üçün müəyyən qədər şərait yaradılıb. Təbii ki, bu tədbirlərin daha da gücləndirilməsi üçün zaman lazımdır və ən başlıcası ictimaiyyətin diqqəti.
Təəssüf ki, bu gün cəmiyyətimiz əlil insanlara qarşı qərəzli düşüncəyə sahibdir. Yevlax şəhərində yeni istifadəyə verilmiş Məhdud Fiziki İmkanlı İnsanlar üçün Regional İnformasiya Mərkəzində biz bu hallarla tez-tez qarşılaşırıq. Mərkəz H.Əliyev Fondunun “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi” layihəsi çərçivəsində istifadəyə verilib. Başlıca məqsəd kor və görmə qabiliyyəti zəif olan insanların İKT ehtiyaclarını ödəməkdir. Lakin cəmiyyətdə var olan bir sıra tabular bu məqsədləri yerinə yetirməkdə bizlərə də çətinlik yaradır. “Kitab oxumaq, informasiya resurslarından istifadə etmək bizə lazımdırmı” sualı qarşısında hansısa yeniliyi qəbul etdirmək çox da asan məsələ deyil. Məhz bu anlamda ilk olaraq ictimaiyyətin fikrini dəyişməyə ehtiyac var.