Modern.az

Adam olmaq lazımdı

Adam olmaq lazımdı

Aktual

3 Dekabr 2012, 11:39

Akif Nağı,
QAT sədri

Ölkə, cəmiyyət, dövlət milli əxlaq normaları, prinsiplər, qanunlarla yaşamalı və idarə olunmalıdır. Təkrar edirəm yaşamalı və idarə olunmalıdır. Çünki çox vaxt yaşayanlar bu şərtə özləri əməl etmir, amma idarə edənlərdən tələb edirlər və ya əksinə, idarə edənlər özlərini bu şərtlərin fövqündə tutur, amma təbəələrdən bunu tələb edirlər. Kimsə deyə bilər ki, bunların hamısını bilirik. Ancaq iş ondadır ki, əslində əksəriyyətimiz bunları bilmir, ya da bilirik, sadəcə əməl etmirik. Məsələn, bir iqtidar nümayəndəsi adam öldürür, amma hesab edir ki, cəza almasa da olar, cəzadan yayınır və bunu normal bir şey hesab edir ki, bir nəfərin tutulmaması ilə heç nə olmaz, dünya dağılmaz. Və yaxud bir müxalifət nümayəndəsi adam öldürür və dərhal da özünü siyasi məhbus elan edərək personası ətrafında şou düzənləyir. Onun həm düşərgəsi hesab edirlər ki, o adam həbs oluna bilməz, həbs olunarsa, bu, müxalifətə təzyiq kimi dəyərləndirilə bilər. Belə çıxır ki, türmələr ancaq yetim-yesirlər üçündü.
Və yaxud hər hansı məmur, nazir, iqtidaryönlü deputat ermənilərlə, bilməyənlər üçün aydınlaşdırıram ki, yəni düşmənlə görüşür və ondan sonra özü və adamları bizi inandırmağa çalışırlar ki, bəs filankəs müəllim ermənilərə yaman nifrət eləyir və bu görüşlərdə ermənilərin atasına od vurub yandırır, onunla işiniz olmasın, onun səmimiliyinə inanın. Müxalif yönlü bir partiya sədri, QHT rəhbəri gedib ermənilərlə görüşəndən sonra da onun özü və adamları başlayırlar ki, bəs demokratiya, insan haqları və.s naminə bu görüşlər vacibdi, bizə dəyməyin və səmimiliyimizə inanın, bəzən bizə qarşı hücuma da keçirlər, sən demə, biz onları sifarişlə tənqid edirmişik.

İndi biz qalmışıq arada, bilmirik kimin əlin, ayağın, başın, dilin tutaq ki, ermənilərlə, düşmənlə dostluq eləməsinlər. Elə bil ki, uşaqdırlar, başa düşmürlər. Hamı da yalnız özünü haqlı sayır, özünün xəta etmək hüququnun tanınmasını istəyir. Bizim heç kəslə qəsd-qərəzliyimiz yoxdu, başqalarından fərqli olaraq, istənilən situasiyada dostluq, qardaşlıq, yoldaşlıq və.s kimi hissləri deyil, əxlaq normaları, prinsiplər və qanunları əsas tutur və onlara uyğun hərəkət edirik. Biz istəyir ki, hamı, ən azından çoxları belə olsunlar. Çünki belə olmasaq nə özümüzün, nə də dövlətimizin axırı olacaq. Bunun üçün sadəcə adam olmaq, yəni millətini, dövlətini sevmək, millətin, dövlətin haqqını nəyinsə, çox vaxt balaca bir mənfəətin xətrinə qurban verməməyi bacarmaq lazımdır. İki min beş yüz il əvvəl qədim Yunanıstanda tanınmış bir qoca əlində çıraq günün günorta çağı şəhərin küçələrində adam axtarırdı. O, vaxtdan bu çağa qədər çox millətlər öz adamlarını axtardılar, tapdılar, adam oldular, millət oldular. Biz isə hələ də axtarırıq, adam defisitini hələ də aradan qaldıra bilməmişik. Heç kəs inciməsin, heç kəsi təhqir etmək fikrim yoxdu. Sadəcə, soruşuram, düşmənlə dostluq edənə adam demək olarmı? Erməninin evində, bayrağının altında oturub düşmənlə söhbət edən nazirə, deputata adam demək olarmı? Erməni ilə heç nə olmamış kimi ağız-ağıza dayanıb dünyanın problemlərini müzakirə edən və demokratiyaya sədaqəti ilə öyünən siyasiyə adam demək olarmı? Erməni Bakıya gələndə qabağına çay aparan, xidmət edən və “balamın çörəyi burdan çıxır” deyənə adam demək olarmı? Erməni ilə üz-üzə dayanıb, oturub soyuqqanlılıqla müsahibə götürən, sual verən və bunu özünün peşə borcu hesab edən jurnalistə adam demək olarmı? Düşmən ölkəyə, düşmənin ayağına gedən, orda rinqə çıxıb ermənini məğlub etməyi ilə fəxr edən, amma oraya getməklə şərəfini itirdiyinin fərqinə varmayan idmançını adam hesab etmək olarmı? Və sair və ilaxır.
Ən maraqlısı isə odur ki, bu hərəkətdə bulunanların hər hansı birinə bu sualı versən, özündən başqa digərlərinin adam olmadığını təsdiq edəcək. Heç kəsin xətrinə dəyməmək şərti ilə bir daha deyirik ki, düşmənlə düşmən kimi davranmaq lazımdı, sadəcə, adam olmaq lazımdı. Sadəcə əxlaq normaları, prinsiplər və qanunlarla yaşamaq və idarə etmək lazımdı. Və ən başlıcası isə odur ki, hər kəs başqasını yox, özünü adam eləməyə başlamalıdır. Bizdə hər kəsin özündən başlayacağı böyük bir prosesə təkan verilməsinə ciddi ehtiyac vardır. Qarabağ işğalda, qız-gəlinlər əsirlikdə, ermənilər qalib durumda–bizim hərəkətə gəlməyimiz, adam olmağımız üçün daha nələr olmalıdır, daha hansı təkan baş verməlidir?!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı